3 dekabr-Beynəlxalq Əlillər Günü qeyd olundu
Tədbiri giriş sözü ilə açan RİH-nin başçısı İslam Rzayev bildirdi ki, ölkəmizdə dövlət tərəfindən əlil insanların sosial rifahının yüksəldilməsi istiqamətində mühüm addımlar atılır, onların sosial təminatı ildən-ilə daha da yaxşılaşır. Ölkəmizdə əlillərin sosial müdafiəsi ilə bağlı həyata keçirilən geniş miqyaslı tədbirlərin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Əlillərin, şəhid ailələri və müharibə veteranlarının sosial müdafiəsi cənab prezident İlham Əliyevin də daima diqqət mərkəzindədir. Dövlət başçısının əhalinin sosial problemlərinin həllinə xüsusi qayğısı əlillərin də həyat şəraitinin yaxşılaşmasına, onların ictimai hüquqlarının bərpasına şərait yaradıb.
Rayonumuzda 6000-dən çox əlil yaşayır. Son illər Qarabaq müharibəsində əlil olmuş insanların mənzil –məişət şəraitinin yaxşılaşdırılması, onların müalicəsi, gündəlik məişət problemlərinin həlli daim rayon rəhbərliyinin diqqətindədir. Əlil uşaqların təhsilə cəlb olunması, onların vaxtında müalicəsi və s. dövlətin müvafiq qanunlarına uyğun olaraq yerinə yetirilir.
Azərbaycan günü-gündən inkişaf edir və ölkənin iqtisadi durumunın yüksəlməsi əlil insanların həyat və məişətinin yaxşılaşdırılması sahəsində də özünü qabarıq göstərir. Davamlı inkişaf və iqtisadi sabitliyin təmin olunması, nəticə etibarı ilə, əlillərin sosial müdafiəsinin və həyat səviyyələrinin daha da yüksəlməsinə zəmin yaradır.
Sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Balakən rayon şöbəsinin müdiri Hüseyn Razıyev, QMƏVŞAİB-in rayon şöbəsinin sədri Sarvan Şibliyev, Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Hacıömər Nuriyev çıxış edərək əlillərə göstərilən dövlət qayğısına görə ölkə başçısına öz minnətdarlıqlarını bildirdilər.
Tədbirdə 3 dekabr “Beynəlxalq Əlillər günü” ilə ilə əlaqədar konsert proqramı təqdim olundu.