Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Balakən rayon təşkilatın tərəfindən ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib

12 dekabr 2015 | 16:00

12 dekabr  2015-ci ildə YAP Balakən rayon təşkilatının inzibati binasında müasir  Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirildi.

           Əvvəlcə ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Tədbiri  giriş  sözü  ilə  açan  RİHB-nın I müavini, YAP Balakən rayon təşkilatının sədri Azad Balayev  bildirdi ki,  Azərbaycanın  çoxəsrlik  dövlətçilik  tarixində əbədi  yaşamaq  istəyən  sərkərdələr,  fatehlər,  hökmdarlar,  dövlət  rəhbərləri,  ictimai-siyasi xadimlər  çox olmuşdur. Tarixdə əbədi qalmaq şərəfinə  nail olanların  sayı  isə  elə  də  çox olmamışdır. İnsanların şüuruna  hakim  kəsilən  belə  şəxsiyyətlər,  adətən  zamanın  fövqündə  durmuş,  sağlığında  milyonların  qəlbinə  köçmüşdür.  Mənsub olduğu  millətin sevimlisinə,  əvəzedilməz  öndərinə  çevrilmiş  olan  belə  dahi  şəxsiyyətlərdən  biri də  Azərbaycan xalqının lideri  Heydər Əlirza oğlu Əliyev olmuşdur.Azərbaycanın son otuz ildən artıq bir dövrünü əhatə ‎edən tarixi taleyi Heydər Əliyevin adı ilə qırılmaz tellərlə ‎bağlıdır. Bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və ‎mədəni həyatının bütün sahələrində dirçəliş məhz onun ‎adı ilə əlaqədardır. Heydər Əliyev rəhbərlik etdiyi bu dövr ‎ərzində daim tərəqqisi üçün çalışdığı, zəngin ‎mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur ‎duyduğu və gələcək nəsillərinin taleyi üçün düşündüyü ‎doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır ‎və sərt sınaqlarından çıxarmışdır.‎
Ulu  Öndərin  həyat  və  fəaliyyəti  haqqında  geniş  məruzə ilə çıxış edən RİHB-nın müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nəzakət Rüstəmova qeyd etdi ki, 60-cı illərin  sonlarında keçmiş  SSRİ-nin əyalətlərindən  biri olan  Azərbaycanda  iqtisadiyyatda, cəmiyyətin ictimai-siyasi həyatında narahatlıq  doğuran  tənəzzül  prosesləri  açıq  müşahidə edilirdi. Məhz Heydər Əliyev siyasi hakimiyyətə gələndən sonra  Azərbaycanı qısa müddət ərzində  tərəqqi   yoluna  çıxartdı.  Azərbaycanda geniş  tikinti-quruculuq işləri  aparıldı. Saysız-hesabsız sənaye müəssisələri  salındı.  Respublika  ərazisində  yüzlərlə  zavod, fabrik,  istehsal  sahələri  yardıldı. İnsanların  yaşayış  səviyyəsi  ildən-ilə  yüksəldi.Bu  böyük  şəxsiyyət  Azərbaycanın  həmin  dövr  və uzaq  gələcəyi,  daha  doğrusu  müstəqillik  dövrü  üçün  zəruri  vəzifələri  peşəkarlıqla,  ustalıqla  yerinə  yetirir  və  inkişaf etdirirdi.
1993-cü ilin may-iyununda  dövlət  böhranının,  hakimiyyətsizliyin,  başıpozuqluğun, xaosun kulminasiya  nöqtəsinə  çatması  və ölkədə  vətəndaş  müharibəsi  və  müstəqilliyin  itirilməsi  təhlükəsi  yarandıqda,  xalq  təkidlə  Heydər  Əliyevin  hakimiyyətə gətirilməsi  tələbi  ilə ayağa  qalxdı. Hər  şeydən  əvvəl  əmin-amanlığın, qanunçuluğun  bərpa  olunması, müstəqilliyin  qorunub  saxlanması  istiqamətində uğurlu addımlar  atıldı. Azərbaycan  dövlətçiliyinin  mövcudluğuna  böyük  təhlükə  olan  1994-cü il  oktyabr  və  1995-ci il mart  dövlət  çevrilişi  cəhdlərinin  qarşısı  alındı. Azərbaycan dövlətçiliyi  qorunub  saxlanıldı, ölkədə  davamlı  sabitlik  təmin olundu.
Qeyri-adi şəxsiyyəti, siyasət və dövlət xadiminə xas olan böyük istedadı ilə fərqlənən, xarizmatik lider olan Heydər Əliyev hələ sağlığında canlı əfsanəyə çevrilmişdi.Bu görkəmli dövlət xadimi tarixi irsə əsaslanaraq milli dəyərlər zəminində müasir dövlətçilik sistemimizin siyasi dayaqlarını yaratmaqla XX əsrin sonunda yenidən əldə etdiyimiz müstəqilliyimizin əbədi və dönməz xarakter almasına nail olmuşdur. Məhz bu kimi misilsiz xidmətləri sayəsində Heydər Əliyev xalqının siyasi və dövlətçilik şüurunda ümummilli lider yüksəkliyini fəth etmişdir. O Azərbaycana rəhbərlik etdiyi istər birinci, istərsədə ikinci dövrdə yalnız və yalnız ölkəmizin inkişafı, qüdrətli və güclü bir dövlətin yaradılması, xalqımızın firavan yaşaması amalı ilə yaşadı və biliyi və rəhbərlik istedadı sahəsində olan bacarıqları əsasında bu istəklərini həyata keçirdi.
Heydər Əliyev Azərbaycan   xalqına  təkcə  suveren  dövlət,  möhkəmləndirilmiş  müstəqillik,  tərəqqi,  azadlıq  yox,  bunlara   bərabər  həm  də  gələcəyə  inam  və  gələcək  inkişaf  üçün  hazır  proqramı  əmanət  qoyub   getdi. 
Bu gün Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan çağdaş tarixinin yeni şanlı səhifələri yazılır.Ulu Öndərin ölkəmizin inkişafı sahəsində başladığı nəhəng işlər, möhtəşəm layihələr Prezident İlham Əliyev tərəfindən uğurla və yaradıcılıqla davam etdirilir, müstəqil Azərbaycan özünün şərəfli dövrünü yaşayır desək, yanılmarıq. Heydər Əliyev cismən aramızda olmasa da, onun ölməz ideyalarından güc alan müstəqil Azərbaycan işıqlı gələcəyə doğru inamla addımlayır.
Digər çıxışlarda da ümummilli lider Heydər Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin qazanılmasında və möhkəmləndirilməsində müstəsna rolundan danışılıb. Ulu Öndərin yürütdüyü uzaqgörən daxili və xarici siyasət nəticəsində ölkəmizin artıq dünyanın lider dövlətlərindən, regionun iqtisadi və siyasi mərkəzlərindən biri olduğu qeyd edilib.
Bildirdi ki, Heydər Əliyev təkcə  bir  insan  həyatının  müdriklik  zirvəsində   deyildi, o,  bütöv  bir  xalqın  tarixinin  yüksək  zirvəsindədir.  Bu  zirvədən  təkcə  bir  ömrün   yaşandığı illər  deyil,  bir  xalqın  dünəni,  bu günü,  sabahı  görünür.  Qədirbilən  xalqımız  özünün əbədiyaşar  Prezidenti,  ümummilli liderimiz Heydər Əliyevin əziz  xatirəsini  daim uca  tutacaq,  böyük Heydər Əliyev yolu  ilə  gedərək,  bu  yolun  layiqli  davamçısı, Azərbaycan  Respublikasının  Prezidenti  cənab İlham Əliyevin  ətrafında  sıx  birləşərək,  bu  ideyaların  gerçəkləşdirilməsində  qüvvə  və  səylərini  əsirgəməyəcəklər.
Azərbaycan  yaşadıqca, dünya  durduqca,  Azərbaycan insanına örnək olan,  Azərbaycanı  var  edən,  adı  Azərbaycana  güc   və  şərəf   verən  Ulu öndərimiz  Heydər Əliyev  yaşayacaqdır!

Keçidlər