Balakəndə görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin 120 illik yubileyi qeyd olunub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2 aprel 2015-ci il tarixli “Cəmşid Naxçıvanskinin 120 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamının icrası ilə əlaqədar Balakən rayonu Heydər Əliyev Mərkəzində Bülbül adına Uşaq İncəsənət məktəbinin təşkilatçılığı ilə tədbir keçirilib. Tədbirdə DİN-nin Zaqatala rayonunda yerləşən Daxili Qoşunlarının N saylı hərbi hissəsinin zabit və əsgərləri də iştirak edib. İştirakçılar Cəmşid Naxçıvanskinin həyat və fəaliyyətini əks etdirən sərgi ilə, eləcə də foto və kitablarla tanış olublar.
RİH-nin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Zemfira Mustafayeva, Daxili Qoşunlarının N saylı hərbi hissəsinin zabiti polkovnik leytenant Eldar Babayev və başqaları çıxış edərək, general Cəmşid Naxçıvanskinin həyat və fəaliyyətindən, hərbi sahədə göstərdiyi mühüm xidmətlərindən danışıblar. Bildirilib ki, bacarıqlı sərkərdə kimi şərəfli döyüş yolu keçən Cəmşid Naxçıvanski Azərbaycanın müstəqilliyi uğrunda aparılan mübarizələrdə göstərdiyi şücaətlərlə milli hərb sənəti tariximizə dəyərli töhfələr verib.
Məlumat verilib ki, 1915-ci ilin mart ayında həqiqi hərbi xidmətə başlayan Cəmşid Naxçıvanski 1920-ci ildə ikinci Qarabağ süvari polkunun komandiri təyin edilib. 1920-ci ilin martında onun Qarabağda yerləşən alayı daşnaklara qarşı döyüş əməliyyatlarında fəal iştirak edib. Cəmşid Naxçıvanski 1921-ci ildə Azərbaycanın ilk milli atıcı diviziyasını yaradıb və həmin diviziyaya komandir təyin olunub.
Cəmşid Naxçıvanski sovet hökuməti dövründə müxtəlif kurslara göndərilməsinə, rütbələr almasına, mükafatlandırılmasına baxmayaraq, həm də bir zamanlar Azərbaycan Xalq Cümhuriyyətinin zabiti olmuş hərbçi kimi nəzarətdə saxlanılırdı. Ona görə də o, 1931-ci ildə həbs edilib, 1938-ci ildə isə barəsində ölüm hökmü çıxarılaraq güllələnib.
Çıxışlarda Cəmşid Naxçıvanskinin bugünkü gənclərə örnək olduğu vurğulanıb.
Sonda Cəmşid Naxçıvanskinin həyatını əks etdirən səhnələr nümayiş olunub.