Narkomaniya əleyhinə maarifləndirmə və təbliğat xarakterli tədbir keçirib.
Balakən rayonunda 08 yanvar 2016-cı il tarixdə Narkotiklərə Qarşı Milli Təbliğat Ofisi (İB) tərəfindən Gənclər və İdman Nazirliyi ilə birgə “Sağlam cəmiyyətə doğru” layihəsi çərçivəsində narkomaniya əleyhinə maarifləndirmə və təbliğat xarakterli tədbir keçirib.
Tədbirdə rayon icra hakimiyyəti və onun yanında komissiyanın bu işə məsul şəxsləri, rayon Gənclər və İdman İdarəsinin rəhbəri, MRX-nın həkimi və gənclər iştirak ediblər. Balakən rayon Gənclər və İdman İdarəsinin rəisi Rasim Paçalov bildirib ki, müasir dövrdə cəmiyyəti düşündürən və narahat edən ən ürək ağrıdan problemlərdən biri də bəşəriyyətin ciddi bəlasına, xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniyadır. İnsan orqanizminə, sağlamlığına, mənəviyyatına ən sağalmaz zərbələr vuran, ən pis vərdiş kimi qəbul edilən narkomanlıq və narkotiklərə aludəçilik ölkəmizdə, o cümlədən rayonumuzda da yayılmışdır. Son illər Balakən rayonunda narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mühüm işlər həyata keçirilmişdir. 2015-ci ilin aprel ayında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan cinayətkar dəstə zərərsizləşdirilmişdir.
Ölkədəki narkotik vəziyyətlə bağlı geniş təqdimatla çıxış edən Ofis rəhbərinin müavini Leyla Yolçuyeva Azərbaycan hökumətinin bu mübarizəyə böyük diqqət və marağını ifadə edərək vətəndaş cəmiyyətinin də proseslərə fəal cəlb olunmasının vacibliyini diqqətə çatdırıb. O qeyd edib ki, narkomaniyanın təkcə dövlətin deyil, eyni zamanda bütövlükdə cəmiyyətin problemi olması proseslərə geniş ictimaiyyətin fəal qoşulmasını zəruri edir.
Bu baxımdan ictimai müzakirələrin təşkilini artırmaqla aparılan maarifləndirmə, təbliğat işlərində daha müasir forma və metodlardan, qabaqcıl təcrübə və texnologiyadan istifadə olunmalıdır. Bununla yanaşı, ölkə gənclərinin, xüsusən regionlarda bu istiqamətdə məlumatlarının, bilgilərinin az olması onlar arasında daha məsuliyyətli işlərin görülməsini labüd edir.
Leyla Yolçuyevanın sözlərinə görə ictimai-tərbiyəvi əhəmiyyətli belə tədbirlərin davamlı və ardıcıl şəkildə həyata keçirilməsi cəmiyyətdə, xüsusilə gənclər arasında narkomaniyanın yayılmasının qarşısını almaqla yanaşı, bu istiqamətdə hər bir gəncin potensialından istifadə etməklə mübarizəni daha da gücləndirəcək.
Mövzu ətrafında edilən çıxışlarda ümumbəşəri problem sayılan narkomaniya ilə mübarizədə maarifləndirmə, təbliğat işlərinin daha da gücləndirilməsi baxımından bu cür tədbirlərin mütəmadi olaraq keçirilməsinin vacibliyi iştirakçılar tərəfindən xüsusi olaraq qeyd olunub.
Ofis tərəfindən bu sahədə maariflənməni daha da gücləndirəcək metodoloji vəsaitlərin (bukletlər, döş nişanları, təqvimlər, papaq və köynəklər,breloklar, qovluq və bloknotlar) iştirakçılara paylanması prosesi həyata keçirilib.
Sonda iştirakçıların çoxsaylı sualları cavablandırılıb.