Balakəndə Gənclər günü ilə bağlı tədbir keçirilib
01 fevral 2016-cı il tarixdə YAP Balakən rayon təşkilatının inzibati binasında 2 fevral-Gənclər günü ilə bağlı tədbir keçirilib. Görüşdə RİH-nin başçısı cənab İslam Rzayev, RPŞ-nin rəisi Elnur Həsənov, RİHB-nın birinci müavini Azad Balayev, RİHB-nın müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nəzakət Rüstəmova, Gənclər və İdman İdarəsinin rəisi Rasim Paçalov elm, mədəniyyət və təhsildə, ictimai, elmi-pedaqoji fəaliyyətdə fərqlənən qabaqcıl gənclər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Balakən rayon İcra Hakimiyyətinin başçısı cənab İslam Rzayev bildirib ki, Azərbaycan gəncliyi ölkənin ictimai-siyasi, həmçinin sosial-iqtisadi və digər sferalarında aktiv fəaliyyət göstərir, intellektual imkanları və kreativliyi ilə dövlətçiliyimizin möhkəmləndirilməsinə öz töhfəsini verir. Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında, birmənalı olaraq, dövlətimizin apardığı gənclər siyasətinin mühüm rolu olub. Bu siyasətin banisi isə xalqımızın ümummilli lideri Heydər Əliyevdir. Ulu öndər Heydər Əliyevin gənclər siyasəti əsrlər boyu xalqımızın malik olduğu milli mənəvi dəyərlər əsasında, müstəqillik, dövlətçilik, azadlıq və onların qorunması uğrunda mübariz ruhlu gənc nəslin yetişdirilməsindən ibarət olub. İslam Rzayev vurğulayıb ki, Dövlətimizin apardığı gənclər siyasəti respublikanın hər yerində olduğu kimi, Balakən rayonunda da uğurla həyata keçirilməkdədir. Rayon gənclərinin son illər bir çox sahələrdə əldə etdikləri uğurlar buna bariz nümunədir. Son illər gənclərimiz ictimai-siyasi fəaliyyət, elm, təhsil və idman sahəsində mühüm uğurlar əldə ediblər. Hər il yüzlərlə gənc respublikamızın ali təhsil ocaqlarına qəbul olunur və təhsilini davam etdirir. 2015-ci ildə məzunumuz Gülay Ömərova qəbul imtahanlarında 695 bal toplayaraq rayonumuzun tarixində ən yüksək nəticə göstərərək ali məktəbə qəbul olmuşdur. Bu gün Balakən gəncləri xarici ölkələrdə təhsil alır, ölkəmizin gələcəyi üçün ixtisaslı kadr kimi yetişirlər.
Balakən rayonunda gəncləri əhatə edən intellektual klublar fəaliyyət göstərir və müxtəlif yarışlar təşkil olunur. Belə yarışların keçirilməsi gənclərin daha da savadlanmasına, dünyagörüşünün artmasına xidmət edir.
Xüsusi olaraq qeyd olunmalıdır ki, rayonumuzun gəncləri idman sahəsində respublika, o cümlədən beynəlxalq yarışlarda mühüm nəticələr əldə edirlər. 12-28 iyun tarixlərində Bakıda keçirilən Birinci Avropa Oyunlarında üç idmançımız-idmanın yunan-roma güləşi növü üzrə Rəsul Çunayev, güllə atıcılığı üzrə isə Rəsul Məmmədov, diskatma üzrə isə İsmayıl Əliyev iştirak etmişdir. Rasul Çunayev bütün rəqiblərinə qalib gələrək ilk Avropa Oyunlarının qızıl medalını qazanmışdır.
Natiq qeyd edib ki, Bu gün Azərbaycanda həyata keçirilən gənclər siyasətinin, gənclərə göstərilən diqqət və qayğının əsasında ölkəyə layiqli vətəndaş və sağlam nəslin yetişdirilməsi dayanır. Müstəqilliyin üçüncü onilliyini yaşayan Azərbaycana məhz milli şüura malik, vətənpərvər gənclər lazımdır.
Dünyanın ən gözəl ölkəsində elə dünyanın ən gözəl gəncləri də olmalıdır. Bu gün Azərbaycanda gənclər daha yüksək təhsilli, yüksək mədəniyyətə sahib olan, bacarıqlı, işində peşəkar və ölkəsini qoruyan gənclər olmalıdırlar. Alicənablıq, düzlük, xeyirxahlıq, mərhəmət, elmə və Vətənə sevgi məhz bu cür xüsusiyyətlər bugünkü gənclərdə təcəssüm olunmalıdır.
Tədbirdə çıxış edən natiqlər qeyd ediblər ki, ölkədə gənclər siyasətinin əsasını ümummilli lider Heydər Əliyev qoyub. Ulu öndər gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirib, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verib, bu siyasəti müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirib.
Bildirilib ki, müstəqil Azərbaycan gənclərinin ilk ümumrespublika forumunun keçirilməsi, 2 fevralın Azərbaycan gəncləri günü elan edilməsi, 5 dövlət proqramının qəbulu, "Dövlət gənclər siyasəti haqqında" fərmanın təsdiq edilməsi Heydər Əliyevin gənclərə böyük qayğısı idi. Bu gün ölkədə gənclər siyasəti keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyev ulu öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Gənclərin vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait böyük diqqətin nəticəsidir.Dövlət başçısının gənclərin xaricdə təhsil almasına dəstək verən “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramı” bütün təbəqədən olan gənclərin xaricdə təhsilinə geniş imkanlar yaradıb.
Tədbirdə çıxış edən gənclər onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildiriblər.
Daha sonra rayonun ictimai-siyasi həyatında, təhsildə, idmanda, elm, mədəniyyət sahələrində fərqlənən gənclərə Balakən rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı və qiymətli hədiyyələr təqdim olunub.