Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının energetika naziri Natiq Əliyev Balakəndə rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

02 fevral 2016 | 16:00

Azərbaycan Respublikasının energetika naziri Natiq Əliyev fevralın 2-də Balakəndə rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

Rayon Mədəniyyət Mərkəzində keçirilən görüşdə yerli icra hakimiyyəti orqanlarının, bələdiyyələrin, ictimaiyyətin nümayəndələri, rayon fəalları, sahibkarlar, Milli Məclisin deputatları iştirak ediblər.

Görüşdə Azərbaycan Respublikasının Prezidenti tərəfindən ötən ilin yekunları və regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrasına həsr olunan son müşavirələrdə verilən tapşırıqlar, 2015-ci ildə görülən işlər və qarşıda duran vəzifələr barədə məlumat verilib.

Rayon icra hakimiyyətinin başçısı İslam Rzayev son illər rayonda görülən işlərdən, sahibkarlığın inkişafı üçün yaradılan şəraitdən, əhalinin məşğulluğunun təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərdən, rayonun sosial-iqtisadi inkişafı üçün nəzərdə tutulan layihələrdən danışıb. Bildirilib ki, Prezident İlham Əliyev son illər 4 dəfə Balakənə səfər edib. Bu səfərlərin hər biri Balakən rayonunun iqtisadiyyatı, onun sosial həyatı üçün yeni inkişaf mərhələsi olub. Diqqətə çatdırılıb ki, son 10 ildə Balakəndə 32 məktəb binası, 4 uşaq bağçası tikilib, 10 uşaq bağçası əsaslı təmir olunub. Bundan əlavə, rayonda Olimpiya İdman Kompleksi, 187 çarpayılıq xəstəxana binası, Gənclər evi, Mədəniyyət Mərkəzi və digər sosial obyektlər tikilib istifadəyə verilib. Rayonun iqtisadiyyatında mühüm rol oynayan “Azəryem-Sənaye” MMC-nin yem istehsalı zavodu, soyuducu anbar kompleksi, kərpic zavodları və digər istehsal müəssisələri fəaliyyətə başlayıb.

Görüşdə çıxış edən energetika naziri Natiq Əliyev bildirib ki, Prezident İlham Əliyevin iştirakı ilə keçirilən son müşavirələrdə dünyada, o cümlədən regionda cərəyan edən geosiyasi hadisələr, iqtisadi, maliyyə və digər vacib məsələlər hərtərəfli təhlil olunub, ölkə iqtisadiyyatına mənfi təsir edən bir sıra amillər müəyyən edilib, hökumət qarşısında yeni vəzifələr, tələblər qoyulub, fəaliyyət istiqamətləri dəqiqləşdirilib, ciddi tapşırıq və göstərişlər verilib.

Nazir bildirib ki, müasir dünyada baş verən bütün bu proseslərdə, həmişə olduğu kimi, enerji amilinin əhəmiyyətli rolu var. Dünya bazarında neftin qiymətinin bir neçə dəfə aşağı düşməsi, neft gəlirlərinin əhəmiyyətli şəkildə azalması, heç şübhəsiz ki, ölkəmizin inkişaf dinamikasında da özünü göstərir. Bu təsir Azərbaycan manatının məzənnəsinin aşağı düşməsi ilə nəticələnsə də, ölkəmiz enerji dövləti kimi, öz həlledici mövqeyini qoruyub saxlaya bilib. Bunun nəticəsidir ki, Azərbaycan iqtisadiyyatı 2015-ci ildə də öz inkişaf dinamikasını qoruyub. Ötən il Azərbaycanda ümumi daxili məhsul istehsalı 1,1 faiz artıb, bütün sosial proqramlar müvəffəqiyyətlə icra edilib.

Natiq Əliyev vurğulayıb ki, Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü dövlət siyasətinin əsas tərkib hissəsi kimi ölkəmizdə yanacaq-enerji kompleksinin müasir tələblərə uyğun yenidən qurulması istiqamətində aparılan genişmiqyaslı islahatlar öz bəhrəsini verir. Bu baxımdan, qlobal proseslərin doğurduğu bütün çətinliklərə baxmayaraq, 2015-ci ildə energetika sahəsində bir sıra ciddi nailiyyətlər əldə edilib. Energetika sahəsinə böyük həcmli investisiyaların qoyulması, müasir texnologiyaların tətbiqi özünü doğruldub. 2015-ci ildə respublikada 40,7 milyon ton proqnoza qarşı 41,6 milyon ton neft hasil edilib. Ötən il Azərbaycanda ümumi qaz hasilatı isə 29,1 milyard kubmetr təşkil edib. Kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülən tədbirlər nəticəsində uzun illər qaz təchizatından kənarda qalan yaşayış məntəqələri də “mavi yanacaq”la təmin olunub. Artıq Azərbaycanda qazlaşdırma 90 faizə yaxınlaşır.

Diqqətə çatdırılıb ki, Azərbaycanın iqtisadi təhlükəsizliyinin ən vacib elementlərindən olan enerji təhlükəsizliyinin təmin edilməsi istiqamətində görülən tədbirlər və islahatlar ölkənin elektrik enerjisinə tələbatını tam ödənilməklə ixrac potensialını daha da artırıb.

Natiq Əliyev bildirib ki, Prezident İlham Əliyev son müşavirələrdə ölkədə qeyri-neft sektorunun inkişafını, yeni iş yerlərinin yaradılmasını əsas vəzifə olaraq qarşıya qoyub. Dövlətimizin başçısı qeyd edib ki, ölkə iqtisadiyyatı 2016-cı ildə də öz inkişaf dinamikasını qoruyub saxlayacaq, yeni iş yerləri açılacaq, kənd təsərrüfatı inkişaf edəcək, yeni emal və sənaye müəssisələri yaradılacaq.

Tədbirdə Milli Məclisin deputatları Nəsib Məhəməliyev və Kamilə Əliyeva çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən genişmiqyaslı antiböhran tədbirlərindən danışıb, təklif və tövsiyələrini bildiriblər.

Görüşdə rayon ağsaqqalı Xəlifə Mirəliyev, sahibkarlar Məhəmməd Bazarov, Saleh İbrahimov, fermer İslam Muradov, gənc bələdiyyə sədri Nurlan Əhmədov və başqaları çıxış edərək əhalinin sosial müdafiəsinin gücləndirilməsi, regionların sosial-iqtisadi inkişafına göstərdiyi qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Keçidlər