Şriftin ölçüsü :

Saytın rəngi :

Balakən rayonunda 2015-ci ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş geniş yığıncaq keçirilib

07 fevral 2016 | 16:00

Balakən rayonunda 2015-ci ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş geniş yığıncaq keçirilib.
Yığıncaq iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin mədəniyyət və istirahət parkında ucaldılmış abidəsi önünə gül-çiçək düzüb, mədəniyyət mərkəzinin foyesində rayonda istehsal olunan məhsulların sərgisinə baxıblar.
Balakən rayonunun 2015-ci ildə sosial-iqtisadi inkişafından bəhs edən film nümayiş etdirilib.
Rayon icra hakimiyyəti başçısı cənab İslam Rzayev hesabat məruzəsində bildirib ki, bütövlükdə 2015-ci il Balakənin iqtisadiyyatı üçün çox uğurlu olub. Rayonun kənd təsərrüfatının inkişaf etdirilməsi və  məhsul istehsalının artırılması məqsədi ilə həyata keçirilən tədbirlərlə yanaşı, kəndlər üzrə hədəf göstəricilərin müəyyən edilməsi, quraqlığa davamlı toxuma olan tələbatın ödənilməsi, kəndlərdə istehsalçılarla görüşlərin keçirilməsi, təsərrüfat işlərinin gedişinə operativ nəzarətin təşkili özünün müsbət səmərəsini vermiş və əkin sahələrinin 2,2 % artırılması mümkün olmuşdur. 2015-ci ildə rayonun kənd təsərrüfatından 62,2 milyon manat gəlir əldə edilmişdir ki, bu da  əvvəlki ilə nisbətən 2,7 milyon manat və ya 4,5 faiz  çoxdur. İstehsal olunan məhsulun 54,2 faizi bitkiçilik, qalan 45,8 faizi isə  heyvandarlıq məhsullarının payına düşür.
Hesabat ilində ümumi məhsul buraxılışı 134,9  milyon manat təşkil etmiş, 62,2 milyon  manatlıq kənd təsərrüfatı məhsulu, 5,4 milyon manatlıq sənaye məhsulu istehsal edilmiş, 9,3 milyon manatlıq tikinti işləri görülmüşdür. Keçən ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatı məhsullarının istehsalı 4,5 faiz, pullu xidmətlərin həcmi 12,2 faiz artmışdır. Ümumi məhul buraxılışının strukturunda kənd təsərrüfatı istehsalının xüsusi  çəkisi 46,5 faiz təşkil etmişdir.
2015-ci ildə rayon ərazisində abadlaşdırma, tikinti, təmir və quruculuq işləri davam etdirilmiş, Sarıbulaq kənd uşaq bağçası yenidən tikilərək istifadəyə verilmiş, şəhərdə Heydər Əliyev Fondu  hesabına 100 yerlik körpələr evi-uşaq bağçasının tikintisi başa çatdırılmışdır.  İnternat məktəbinin əsaslı təmiri, kənd təsərrüfatı idarəsinin, rayon polis şöbəsinin inzibati binalarının tikintisi davam etdirilmiş, Meşəşambulda  yanğından mühafizə bölməsinin binasının tikintisi başa çatdırılmışdır. Mazımçay sərhəd-keçid məntəqəsinin yaxınlığında ayrılmış  4 hektar sahədə gömrük terminalının tikintisi  davam edir.
Şəhərin Z.Əliyeva, A.Ansuxski, C.Məmmədquluzadə küçələrində, dəmiryol stansiyası və Katex kombinat yaşayış məntəqələrində yerləşən ümumilikdə 21 kommunal yaşayış binasının dam örtükləri dəyişdirilmiş, bununla da  rayon ərazisində yerləşən 63 kommunal binanın dam örtüyünün dəyişdirilməsi işləri tamamilə başa çatdırılmışdır.
Hesabat məruzəsində, həmçinin 2015-ci ildə təhsil, səhiyyə, mədəniyyət, idman sahələrində görülən işlər barədə danışılıb, əhalinin kommunal xidmətlərlə təminatının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər ətraflı təhlil olunub, qarşıda duran vəzifələrə toxunulub.
Rayon icra hakimiyyətinin  başçısı İslam Rzayev qeyd edib ki, 26 yanvar 2016-cı ildə Cənab Prezidentin sədrliyi ilə keçirilən Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial iqtisadi inkişafı Dövlət Proqramının icrasının 2-ci ilinin yekunlarına həsr olunmuş konfransda ölkə Prezidenti dövlət qurumlarının, o cümlədən yerli icra hakimiyyəti orqanlarının qarşısına  rayonlarda sənaye zonalarının yaradılması, kənd təsərrüfatı məhsullarının istehsalının inkişafı, istehsalın şaxələndirilməsi əhalinin məşğulluğunun  təmin edilməsi  sahəsində mühüm vəzifələr qoymuşdur. Qarşıya qoyulan vəzifələrin icra olunması bizim  üçün prioritet  təşkil edir və bu məqsədlə tərəfimizdən zəruri tədbirlər görülməsi istiqamətində iş aparılır. Hesab edirəm ki, icra olunmasını planlaşdırdığımız işlərin görülməsi nəticəsində cari il üçün müəyyən etdiyimiz hədəflərə nail olacağıq.
Vurğulanıb ki, Nazirlər Kabinetində keçirilən müşavirədəki yekun nitqində ölkə başçısı cənab İlham Əliyev 2016-cı ili “Multikulturalizm ili” elan edib. Bizim tərəfimizdən “Multikulturalizm ili”  tədbirləri çərçivəsində rayonumuzda azsaylı xalqların “Beynəlxalq Festivalı”nın keçirilməsi nəzərdə tutulmuş və bu barədə aidiyyəti qaydada təklif verilmişdir.
Yığıncaqda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Prezidenti Rövnəq Abdullayev, Prezidenti Administrasiyasının məsul işçisi Rüfət Əliyev, Milli Məclisin deputatları Nəsib Məhəməliyev və Kamilə Əliyeva çıxış edərək 2015-ci ildə respublikamızda sosial-iqtisadi sahədə qazanılan uğurları təhlil edib, cari ildə qarşıda duran vəzifələr barədə danışıblar.
Yığıncaq iştirakçıları adından Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul olunub.

Keçidlər