Şriftin ölçüsü :

Saytın rəngi :

Balakəndə Yeni Azərbaycan Partiyasının yaradılmasının 20-ci ildönümü qeyd edilmişdir

20 oktyabr 2012 | 15:00

Oktyabrın 19-da Balakən şəhərində Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 20-ci ildönümünə həsr olunmuş yubiley tədbiri keçirilmişdir.
Mərasimdə rayon rəhbərliyi, millət vəkili, Milli Məclisin (MM) İnsan hüquqları komitəsinin sədri xanım Rəbiyyət Aslanova, millət vəkili xanım Kamilə Əliyeva, millət vəkili Yaqub Mahmudov, Prezident Administrasiyasının məsul işçisi Əflatun Rufiyev, YAP Mərkəzi Aparatının məsul işçisi Qalib Əsgərov və partiyanın rayon təşkilatının fəalları iştirak etmişlər.
“Qubek” otelinin konfrans zalında keçirilən mərasimi YAP Balakən rayon təşkilatının sədri Azad Balayev açaraq yubiley tədbirinin əlamətdar bir dövrə - Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 21-ci ildönümü günlərinə təsadüf etdiyini bildirmiş, partiyanın yaranma tarixindən və keçdiyi şərəfli yoldan danışmışdır. Natiq ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda yaradılan Yeni Azərbaycan Partiyasının çox uğurlu və şərəfli yol keçdiyini, həyatımıza siyasi davranış və mədəniyyət nümunəsi gətirdiyini bildirmişdir.
Qeyd olunmuşdur ki, yarandığı gündən partiyanın ulu öndərimiz tərəfindən müəyyənləşdirilən və uğurla tətbiq edilən əsas proqram məqamı Azərbaycanın dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsindən, ərazi bütövlüyünün təmin edilməsindən, demokratik və hüquqi dövlət qurulmasından, güclü və sosial yönümlü iqtisadiyyat yaratmaqdan ibarət olmuşdur. Hakim partiya ötən 20 ildə öz proqram məqsədlərinə uyğun fəaliyyət göstərmiş, Azərbaycanın ən nüfuzlu siyasi qüvvəsi olaraq bu müddət ərzində ölkədə keçirilən prezident, parlament və bələdiyyə seçkilərində inamlı qələbələr qazanmış, xalqın etimadını doğrultmuş, ümumxalq partiyasına çevrilmişdir.
Məruzəçi bildirmişdir ki, 69 ərazi ilk partiya təşkilatını özündə birləşdirən YAP rayon təşkilatının üzvlərinin sayı artıq 4100 nəfərə çatmışdır. Üzvlərin 60 faizdən çoxunu qadınlar, 30 faizini isə gənclər təşkil edirlər. Son dövrlərdə beş yüz nəfərə yaxın gənc partiya sıralarına qəbul edilmişdir.
Tədbirdə AMEA Tarix İnstitutunun direktoru, YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Yaqub Mahmudov, Milli Məclisin insan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova, parlamentin deputatı Kamilə Əliyeva, rayon icra hakimiyyətinin başçısı İslam Rzayev çıxış edərək Azərbaycan dövlətçiliyinin formalaşmasında, ictimai-siyasi sabitliyin qorunmasında, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasında Yeni Azərbaycan Partiyasının mühüm rolu və xidmətləri olduğunu bildirmişlər. Natiqlər YAP-ın ölkənin nüfuzlu siyasi qüvvəsinə çevrilməsində partiyanın yaradıcısı, ümummilli liderimiz Heydər Əliyevin xidmətlərini bir daha xatırlatmış, ulu öndərin ideya və arzularının bu gün partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirmişlər.
Tədbirin sonunda YAP sıralarına yeni qəbul olunmuş gənclərə üzvlük vəsiqələri təqdim edilmişdir.
 

Keçidlər