Şriftin ölçüsü :

Saytın rəngi :

Balakənli sahibkar: Qonşu respublikalara meyvə tingləri ixrac olunacaq

23 fevral 2016 | 16:00

Azərbaycanda sahibkarlığa dövlət dəstəyi hər sahədə hiss olunur. Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində respublikamızda kənd təsərrüfatının inkişaf etdirilməsi üçün çox münbit şərait yaradılıb. Biz balakənli sahibkarlar da dövlətimiz tərəfindən yaradılan bu şəraitdən maksimum dərəcədə yararlanmağa çalışırıq.

Bu sözləri  Balakəndə fəaliyyət göstərən “RAYYAN” intensiv bağçılıq MMC-nin sədri Məhəmməd Bazarov deyib.

Sahibkar bildirib ki, dövlət dəstəyindən yararlanaraq 2011-ci ildə Balakən rayonunda ilk dəfə intensiv bağçılıq təsərrüfatını yaratmağa müvəffəq olub. Qullar kəndində yerləşən bu təsərrüfatda xaricdən gətirilən yüksək məhsuldar alma tingləri əkilib, damcı üsulu ilə suvarma sistemi quraşdırılıb. ABŞ, Yeni Zelandiya, Avstraliya, Belçika və digər ölkələrdən gətirilən bu tinglər əkildikdən bir il sonra bara girir, 4-5 ildən sonra isə ən yüksək məhsuldarlığa çatır. Yaxşı qulluq olunarsa, meyvə bağlarının hər hektarından 45-50 ton məhsul götürmək mümkündür.

Sahibkarın dediyinə görə, hazırda təsərrüfatın 15 hektar meyvə bağı və 2 hektar tinglik sahəsi var. Meyvə bağında alma ilə yanaşı, armud, şaftalı, gilas da yetişdirilir. 2015-ci ildə meyvə bağının hər hektarından 30-35 ton məhsul götürülüb. İstehsal olunan meyvə satış üçün Rusiya və Gürcüstana, eyni zamanda, respublikamızın daxili bazarlarına göndərilir. Məhsulun uzun müddətə saxlanılması üçün Katex kəndindəki soyuducu anbar kompleksindən geniş istifadə olunur.

“RAYYAN” MMC, eyni zamanda, respublikamızın digər bölgələrində intensiv bağçılıq təsərrüfatlarının yaradılmasına da kömək göstərir, bu təsərrüfatları tez bara girən məhsuldar meyvə tingləri ilə təmin edir.

Cəmiyyətin gələcək planları barədə danışan Məhəmməd Bazarov deyib: “Meyvə bağlarının sahəsini 25-30 hektaradək artırmağı, tinglik təsərrüfatını daha da genişləndirməyi, bununla yanaşı, digər respublikalara ting satışını həyata keçirməyi planlaşdırırıq. Artıq qonşu respublikalarla meyvə tinglərinin ixracı ilə bağlı müqavilələr bağlanılıb. Balakəndə intensiv bağçılığın inkişaf etdirilməsi üçün daha da əzmlə çalışacağıq”.

Keçidlər