8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.
Balakən rayon İcra Hakimiyyətində 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib. Tədbirdə rayonun ictimai-siyasi həyatında fəal iştirak edən dövlət, elm və təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə çalışan qadınlar iştirak edib.
Tədbiri giriş sözü ilə açan Balakən rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev bütün xanımları bayram münasibətilə səmimi-qəlbdən təbrik edib və adı tarix boyu uca tutulan Azərbaycan qadınının bütün dövrlərdə öz istedadı, zəkası, iradə və əzmilə milli-mənəvi dəyərlərimizin qorunub saxlanması və yaşadılmasında müstəsna xidmətlər göstərdiyini qeyd etdi. Qadınlarımızın ölkəmizin inkişafına öz dəyərli töhfələrini verdiyini, beynəlxalq qadın hərəkatında fəal iştirak etdiklərini vurğulayıb. Bu gün Azərbaycan qadını respublikanın sosial-iqtisadi və mədəni həyatında öz layiqli yerini tutur. O, ziyalı, alim, müəllim, siyasətçi , millət vəkilidir.
Balakən rayonunun ictimai həyatında da qadınlarımız mühüm uğurlara imza atırlar. Azərbaycan xanımı ağıllı, ailəsini bağlı olan bir qadın və ana kimi tanınır.
Tədbirdə çıxış edərək bildiriblər ki, Azərbaycan qadını mürəkkəb və keşməkeşli həyat yolu keçmiş, tarixin sınaqlarından alnıaçıq, üzüağ çıxmış, demokratik cəmiyyətin fəal üzvü kimi çıxış etmək imkanı əldə etmişdir.
Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fəal iştirak edən qadınlara qiymətli hədiyyələr verilib.