86 hektar sahədə tütün əkiləcək
Vaxtı ilə Balakən respublikamızda ən çox tütün istehsal edən rayonlardan biri olub. Bu sahədə çalışan kənd əməkçiləri tütün satışından əldə edilmiş yaxşı gəlirlə oğul evləndirib,qız köçürüb,ailənin bir sıra zəruri ehtiyaclarını ödəyib.
Respublikamızda, o cümlədən rayonumuzda kolxozlar ləğv olunandan sonra , eləcə də quru tütünün alış qiymətinin son dərəcə aşağı olması səbəbindən əhalinin tütünçülüyə olan marağı demək olar ki, sıfır səviyyəsinə düşdü.
Sevindirici haldır ki, tütün istehsalı sahəsindəki durğunluğa, nəhayət ki , son qoyulur. Rayon İcra hakimiyyəti tərəfindən aparılan izahat işləri və tütün istehsalı ilə məşğul olmaq istəyənlərin toxuma və polietilen örtük materialına olan tələbatının ödənilməsi sahəsində görülən işlər öz müsbət nəticəsini verməkdədir. Cari ildə 86 hektar sahədə tütün əkilməsi ilə bağlı istehsalçılarla müqavilə bağlanmışdır. 1 kiloqram birinci növ quru tütünün alış qiyməti isə artırılaraq 2 manata çatdırılmışdır.
Halbuki ötən il bu qiymət 1 manat 20 qəpik idi.
Tütün istehsalı ilə məşğul olmaq istəyənlər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərə müraciət etməli,onların toxuma və polietilen örtüyə olan tələbatı dərhal ödənilməlidir.