Şriftin ölçüsü :

Saytın rəngi :

Balakəndə 2016-ci ilin birinci rübünün hesabat yığıncağı keçirildi

12 aprel 2016 | 16:00

Balakən rayon İcra Hakimiyyətinin 2016-ci ilin birinci rübündə rayonun sosial-iqtisadi inkişafının yekunlarına və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin 09 aprel 2016-ci il tarixli iclasındakı nitqindən irəli gələn vəzifələrə həsr olunan hesabat iclası keçirilib.
          Yığıncaqda Balakən rayon İcra Hakimiyyəti başçısı İslam Rzayev, Şuranın üzvləri, bələdiyyə sədrləri, müəssisə rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri  iştirak edirdilər. Əvvəlcə son günlər cəbhə xəttində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçularının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Yığıncaqda hesabat məruzəsi ilə çıxış edən Balakən Rayon İcra Hakimiyyəti başçısı İslam Rzayev bildiridi ki, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının 2-ci ilinin yekunlarına həsr olunmuş konfransda cənab Prezident  dövlət  qurumlarının, o cümlədən yerli icra hakimiyyəti orqanlarının qarşısına  ölkədə iqtisadi durumun yaxşılaşdırılması, dotasiyalardan asılılığın minimuma endirilməsi məqsədi ilə daxili imkanlardan istifadə etməklə sağlam biznes mühitinin formalaşdırılması, kiçik və orta  sahibkarlığın inkişafı və əhalinin işgüzarlıq fəaliyyətinin artırılması üçün münbit şəraitin yaradılması, kənd təsərrüfatında islahatların genişləndirilməsi, yerli infrastruktur layihələrinin icra olunması, yeni istehsal və emal müəssisələrinin açılması, əhalinin məşğulluq səviyyəsinin artırılması və maddi rifahının yüksəldilməsi sahəsində əməli tədbirlər görülməsi ilə bağlı tapşırıqlar verib. Bu tapşırıqlar iqtisadiyyatının əsasını  kənd təsərrüfatı təşkil edən bir rayon kimi bizim qarşımıza mühüm vəzifələr qoyur. Qarşıya qoyulan vəzifələrin icra olunması və aparılan işlərin əlaqələndirilməsi məqsədilə  rayon icra hakimiyyəti başçısının 2 fevral 2016-cı il  tarixli Sərəncamına  əsasən rayon qərargahı yaradılıb.
Son  illərdə ilk dəfə 195  hektar sahədə tütün bitkisinin “İtiyarpaq” sortunun əkilməsi üçün 490 ailə ilə müqavilə bağlanılması təmin edilmiş, həmin ailələrə toxum və polietilen örtük paylanılmış, tütün şitili yetişdirilib. Həmçinin, tütünün “Virciniya” sortunun yetişdirilməsi üçün həm tütün emalı müəssisəsi olan “İntertobacco” ilə, həm də tütün istehsalçıları ilə mövcud imkanlar müzakirə edilməklə araşdırılmış, cari təsərrüfat ilində həmin müəssisə ilə müqavilələr bağlanılmaqla 200 hektar sahədə tütünün “Virciniya” sortunun yetişdirilməsi nəzərdə tutulub. Hazırda tütünçülüyün inkişaf etdirilməsi ilə bağlı istehsalçılara güzəştli kreditlərin verilməsi istiqamətində işlər aparılır.
Eyni zamanda, cari ildə ipəkqurdu bəsləməklə 2 ton barama istehsal olunması nəzərdə tutulub. Tütünçülük və baramaçılığın inkişaf etdirilməsi nəticəsində 7000-dən çox yeni iş yeri yaranacaqdır. Gələcəkdə gər (tut) ağaclarının əkilməsi yolu ilə baramaçılığın yem bazasının yaradılması və barama istehsalının 350 tona çatdırılması hədəf kimi müəyyənləşdirilib. Bu sahənin inkişaf etdirilməsi məqsədi ilə rayona 5000 ədəd tut ağacları gətirilmiş və əkilməsi təmin edilib. Həmçinin, qarğıdalıçılığın, tərəvəzçiliyin, meyvəçiliyin inkişaf etdirilməsi sahəsində aparılan işlər tərəfimizdən davam etdirilir. İlkin olaraq təyinatına uyğun istifadə olunmamış torpaqlardan xüsusi mülkiyyət üzrə əlavə 2150 hektar sahədə qarğıdalı, yonca, tərəvəz və digər bitkilərin əkilməsi imkanları müəyyənləşdirilmişdir ki, bu da öz növbəsində əlavə olaraq 1450 nəfər əmək qabiliyyətli kənd sakininin məşğulluğunun təmin edilməsi deməkdir.
01.04.2016-cı il vəziyyətinə  2347 ha sahədə yazlıq bitkilər, o cümlədən 1041 ha  tərəvəz, 677 ha kartof, 521 ha yonca, 84 ha lobya, 22 ha bostan əkilib. Keçən ilin müvafiq dövrünə nisbətən yazlıq bitkilərin əkin sahələri  366 ha artırılıb və təsərrüfatlarda faraş tərəvəz  istehsalına başlanılıb.
Cari ilin birinci rübündə rayon ərazisində abadlaşdırma, tikinti, təmir və quruculuq işləri davam etdirilib.
Heydər Əliyev prospektinin Qazbinə kəndi istiqamətində yol kənarlarına torpaq daşınmış, ağaclar əkilmiş, yaşıllıqlar salınıb. Yolun hər iki tərəfində bardür və tamet daşları ilə səkilər düzəldilməsinə başlanılıb. Respublika əhəmiyyətli yollarda 1470 p/m səki daşı düzülmüş, yollarda və yol çiyinlərində təmir işləri aparılıb. Kənd təsərrüfatı idarəsinin tikintisi davam etdirilir. Rayon polis şöbəsinin inzibati binasında son tamamlama işləri aparılır.
Hesabat dövründə Balakən rayonunun ictimai-siyasi və mədəni həyatı dövlət və milli bayramlara, əlamətdar və tarixi günlərə həsr edilən geniş, əhatəli tədbirlərin keçirilməsi ilə zəngin olub.
Hesabat məruzəsindən sonra gündəlikdəki məsələ üzrə Dövlət Statistika Komitəsinin Balakən rayon şöbəsinin rəisi Fərhad Xəlilov, Rayon Məşğulluq Mərkəzinin direktoru Fərman Əhmədov, Balakən rayon  Meliorasiya və Su Təsərrüfatı İdarəsinin müdiri Ruslan Poladov, Balakən rayon “Aqroservis” filialının müdiri Fərman Balammədov və  Balakən rayon İcra Hakimiyyəti başçısının Qazma kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Bəşir İbrahimov çıxış etdilər. Gündəlikdəki məsələyə dair Balakən Rayon İcra Hakimiyyətinin hesabat yığıncağının qərar layihəsi yekdilliklə qəbul edildi.

Keçidlər