Balakən rayon ictimaiyyətinə "Həyatla oyun" adlı teatr tamaşası nümayiş olundu
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 7 iyul 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramına uyğun olaraq may ayının 4-də Balakən rayon ictimaiyyətinə Gənclər və İdman Nazirliyi tərəfindən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası ilə birgə Bakı Uşaq Teatrının aktyorlarının iştirakı ilə hazırlanmış “Həyatla oyun” adlı teatr tamaşası nümayiş olundu.
Real həyatdan götürülmüş hadisələrin əks olunduğu tamaşada narkotik aludəçisi olan tələbələrin faciəli həyatından bəhs edilir.
Tamaşanın məqsədi insanları bəşəriyyətin ən böyük problemlərindən biri olan narkomaniyaya, QİÇS-ə qarşı mübarizəyə çağırmaq və yeni metodlar vasitəsilə məlumatlandırmaqdır. Maarifləndirmə funksiyasını yerinə yetirən tamaşa gənclərdə narkomaniyanın doğurduğu faciələr, QİÇS və bir sıra başqa qorxunc xəstəliklərin yayılması yolları haqqında aydın təsəvvür yaradır.
Tamaşanın sonunda Balakən RİHB-nın müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nəzakət Rüstəmova, rayon Gənclər və İdman İdarəsinin rəisi Rasim Paçalov və Bakı Uşaq Teatrının bədii rəhbəri İntiqam Soltan çıxış edərək mövzunun aktuallığından, ölkəmizdə gənclərin inkişafına geniş imkanlarının yaradılmasına baxmayaraq, bəzi gənclərin onların gələcək həyatını təhlükə altına salan addımlar atmasından danışaraq, maarifləndirici tədbirlərin həyata keçirilməsinin baş verə biləcək faciələrin qarşısının alınmasında müstəsna rol oynadığını vurğuladılar. Qeyd edildi ki, tamaşanın nümayişi gənclərin sağlam həyat tərzi seçmələri üçün çox təsirli təbliğat vasitəsidir.