MOK –un 20 illiyi şərəfinə
26 sentyabr 2012-ci il tarixdə Balakən Olimpiya İdman Kompleksində böyük canlanma var idi. Bu, heç də səbəbsiz deyildi. Balakən idmançıları, ictimaiyyətin nümayəndələri respublika Milli Olimpiya Komitəsinin 20 illiyini böyük coşqu, təntənəli surətdə qeyd etmək üçün kompleksin nəhəng idman zalına toplaşmışdılar. Ötən əsrin 70-80-ci illərndə respublika üzrə keçirilən futbol, voleybol, güləş yarışlarında Balakəni layiqincə təmsil edən veteran idmançıların da bu tədbirdə iştirakı hamının ürəyincə idi.
Rəsmi hissənin əvvəlində meydana Azərbaycan Respublikasının, Milli Olimpiya Komitəsinin bayraqları gətirildi. Sonra Dövlət himni səsləndi.
Tədbiri giriş sözü ilə rayon Gənclər və İdman İdarəsinin rəisi Rasim Paçalov açaraq dedi:
-Bu gün biz respublikamızın idman həyatında ən əlamətdar günlərdən birini qeyd edirik. Azərbaycan Prezidenti cənab İlham Əliyev MOK-un yaradılmasının 20 illiyini təntənəli surətdə qeyd etmək məqsədi ilə bu il aprelin 17-də sərəncam imzalamışdır. Qeyd edim ki, Azərbaycan müstəqil dövlət kimi ilk dəfə olimpiya oyunlarına 1996-cı ildə qatılmışdır. Bu tarixi hadisənin reallaşmasında Azərbaycan prezidenti Heydər Əliyevin böyük xidməti olmuşdur. Atlanta oyunlarına hazırlıq haqqında Sərəncam, hazırlığın daim dövlət nəzarəti altında saxlanması, idmançılara hərtərəfli qayğı öz gözəl bəhrəsini verdi. Azərbaycan Atlantada 23 idmançı ilə təmsil olundu və bir sıra uğurlar qazandı.
1997-ci ildə Milli Olimpiya Komitəsinə cənab İlham Əliyevin sədr seçilməsi Azərbaycanda Olimpiya hərəkatının inkişafına güclü təkan verdi. Bir çox şəhər və rayonlarda müasir idman kompleksləri tikilərək idmançıların ixtiyarına verildi. Bu il Azərbaycan idmançıları London Olimpiya Oyunlarında ölkəmizi ləyaqətlə təmsil etmiş, vətənə 10 medal gətirmişlər. 200-dən artıq dövlətin qatıldığı bu mötəbər yarışda Azərbaycan idmançılarının 30-cu yeri tutması böyük uğurdur.
Müxtəlif beynəlxalq səviyyəli Avropa ,dünya birinciliklərinin Bakıda keçirilməsi Azərbaycanı dünyada idman ölkəsi kimi tanıdır,bu sahəyə dövlətin qayğısını sübut edir.
Sevindirici haldır ki, rayonumuzun idmançıları da müxtəlif növlər üzrə Azərbaycan yığma komandalarının tərkibində ölkəmizi xaricdə uğurla təmsil edirlər. Yunan-Roma növü üzrə güləşçilər Murad Bazarov, Rəsul Çunayev, Hacımurad Bağmanov, Məhəmməd Bazarov, Hacımurad Çöpsiyev, paralimpiyaçı Oluxan Musayev, güllə atıcısı Rəsul Məmmədov, sərbəst güləşçilər Nəbi Muğuşov, Rüstəm Xəlilov, qol güləşçiləri Kamran Atayev və Kamran Qurbanov beynəlxalq yarışlardan qələbə ilə qayıtmışlar. Rayon rəhbəri cənab İslam Rzayev bir neçə dəfə bu idmançıları qəbul etmiş, onlara öz xeyir-duasını vermişdir. Biz həm ölkə prezidentinin,həm də rayon rəhbərinin idmançılara olan bu diqqət və qayğısını yüksək qiymətləndiririk.
Tədbir iştirakçılarını MOK-un 20 illiyi münasibəti ilə təbrik edən rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev dedi:
-Azərbaycanın böyük çətinliklər bahasına ikinci dəfə qazandığı dövlət müstəqilliyinin qorunub saxlanmasında və möhkəmləndirilməsində Ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur. Onun rəhbərliyi dövründə bütün sahələrlə yanaşı idmanın inkişafına da daim diqqət və qayğı göstərilmişdir. Bu ənənə H.Əliyevin layiqli varisi,prezident İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilir. Balakən Olimpiya İdman Kompleksinin açılışında dövlət başçısının şəxsən iştirakı onun idmançılara göstərdiyi qayğının parlaq təzahürüdür. Yaxşı idmançı kimi yetişmək üçün bu kompleksdə hər cür şərait var.Mən inanıram ki,Balakən İdmançıları bizi yeni-yeni qələbələri ilə sevindirəcəklər. Bir daha bayramınız mübarək.
Mərasimdə verteran idmançılara rayon İcra Hakimiyyəti, Gənclər və İdman İdarəsi tərəfindən hədiyyələr təqdim olundu. İsrafil İsmayılov bu diqqət və qayğıya görə təşəkkürünü bildirdi.
İdmançıların nümunəvi çıxışından sonra yubiley tədbiri incəsənət ustalarının gözəl konsert proqramı ilə yekunlaşdı.