Balakəndə “Heydər Əliyev müstəqil Azərbaycanın memarı və qurucusudur” mövzusunda konfrans keçirilib
Balakən rayonunda ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilmiş “Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır” mövzusunda elmi-praktik konfrans keçirilib.
Tədbirdə RİH-nin məsul işçiləri, idarə, müəssisə rəhbərləri, rayon ağsaqqalları və gənclər iştirak edib. Balakən rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev “Heydər Əliyev müstəqil Azərbaycanın memarı və qurucusudur” mövzusunda məruzə edərək Ulu Öndərin xalqımız qarşısında əvəzsiz tarixi xidmətlərindən danışmışdır.
Bildirmişdir ki, Azərbaycanın bugünkü inkişafı məhz ulu öndər Heydər Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasətin bəhrəsidir. İslam Rzayev qeyd edib ki, ulu öndər Heydər Əliyev misilsiz xidmətlərinə görə hər zaman Vətəni, xalqı üçün əziz olmuş, hələ sağlığında canlı əfsanəyə çevrilərək ürəklərdə özünə abidə ucaltmışdır. Xalqın əbədi məhəbbətini qazanmış Heydər Əliyev Azərbaycan tarixində təkrarolunmaz rəhbər, qüdrətli dövlət başçısı, fədakar insan, əfsanəvi şəxsiyyət, ulu öndər, ümummilli lider, müstəqil Azərbaycan dövlətinin qurucusu kimi öz yerini tutmuşdur.
Bugünkü Azərbaycan Heydər Əliyevin şah əsəridir. Bu əsərin qorunması, inkişaf etdirilməsi vəzifəsini Prezident İlham Əliyev çox böyük ləyaqətlə və bacarıqla həyata keçirir. Onun rəhbərliyi ilə Heydər Əliyev siyasəti yaşayır və uğurla davam etdirilir. Heydər Əliyev siyasəti Azərbaycanın uğurlarının əsasıdır və gələcəyə istiqamətlənmişdir. Onun siyasi kursu dövlət müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi, Azərbaycanın beynəlxalq imicinin yüksəldilməsi, sosial-iqtisadi tərəqqiyə nail olması kimi ağır və taleyüklü məsələlərdə sınaqdan çıxmışdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə aparılan uğurlu islahatlar, əldə olunan nəticələr xalqın sabaha olan inamını qat-qat artırmış, Heydər Əliyev yolunun layiqincə davam etdirildiyinə, memarı olduğu müstəqil Azərbaycanın etibarlı əllərdə olduğuna möhkəm əminlik yaratmışdır. Ulu öndər Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsini xalqımız yüksək dəyərləndirərək onun ətrafında daha sıx birləşmişdir. Heydər Əliyev siyasətinin uğurla həyata keçirilməsi müstəqilliyimizi möhkəmləndirir, dövlətçiliyimizi qüdrətləndirir və nəticədə beynəlxalq aləmdə Azərbaycan Respublikasının rolunu və nüfuzunu artırır.
Konfransda digər çıxış edənlər rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Şəfəq Hacıyeva, Nizami adına şəhər 1 saylı tam orta məktəbin şagirdi Fatima Keysorovskaya, Azərbaycan Yazıçılar Birliyinin üzvü Ramazan Xutra ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qorunmasında, möhkəmlənməsindəki rolundan, ölkəyə rəhbərlik etdiyi hər iki dövrdə gördüyü böyük işlərdən bəhs etdilər. Qeyd olundu ki, ulu öndər Heydər Əliyevin ideyaları, müəyyənləşdirdiyi inkişaf strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.
Daha sonra məktəblilərin ifasında kompozisiya və ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olundu.