Balakən rayonunun Hənifə kəndində yeni artezian quyusu qazılaraq əhalinin istifadəsinə verilib
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti respublikanın iri şəhər və rayon mərkəzləri ilə yanaşı, kənd və qəsəbələrin də içməli su təchizatının yaxşılaşdırılması layihələrinin icrasını davam etdirir. İçməli su çatışmazlığından əziyyət çəkən Balakən rayonunun Hənifə kəndində icra olunan layihə uğurla başa çatdırılmışdır.
Yeni su təchizatı sisteminin açılış mərasimində çıxış edən Balakən rayon icra hakimiyyətinin başçısı İslam Rzayev Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq bölgələrdə genişmiqyaslı infrastruktur layihələrinin həyata keçirildiyini bildirmiş, ölkə rəhbərliyinin kəndlərin içməli su təchizatının yaxşılaşdırılmasını daim diqqətdə saxladığını vurğulamışdır: “Son illər bölgələrdə həyata keçirilən su, təbii qaz, yol layihələri regionların inkişafına böyük təkan vermiş və əhalinin sosial vəziyyətinin yaxşılaşmasına səbəb olmuşdur. Bu istiqamətdə əhalinin içməli su təchizatının yaxşılaşdırılması ilə bağlı görülən işlər xüsusi qiymətləndirilməlidir. Hənifə kəndində istismara verilən su təchizatı sistemləri kəndin sosial inkişafına böyük töhfədir“.
“Azərsu” ASC-nin “Birləşmiş Sukanal” MMC-nin direktor müavini Ramin Sadıqov bildirmişdir ki, regionların sosial-iqtisadi inkişafı dövlət Proqramlarına uyğun olaraq bölgələrdə, xüsusilə ucqar kəndlərdə içməli su təchizatının yaxşılaşdırılması istiqamətində təxirəsalınmaz tədbirlər görülür: “Möhtərəm Prezident İlham Əliyevin respublikanın hər bir şəhər və kəndinin 24 saat fasiləsiz və keyfiyyətli içməli su ilə təmin edilməsi barədə tapşırıqlarına uyğun olaraq bu istiqamətdə bölgələrdə genişmiqyaslı işlər həyata keçirilir. Hənifə kəndində açılışını etdiyimiz su təchizatı sistemləri qısa müddətdə yaradılmışdır. Artıq kəndin böyük bir hissəsi keyfiyyətli içməli su ilə təmin olunur. Layihənin davamı olaraq su mənbəyinə yaxın küçələrdə paylayıcı şəbəkənin yaradılması nəzərdə tutulur”.
Açılış mərasimində çıxış edən sakinlər kəndin ən böyük qayğılarından olan içməli su məsələsinin həllinə göstərdiyi diqqət və qayğıya görə ölkə rəhbərliyinə, “Azərsu” ASC-nin kollektivinə minnətdarlıqlarını bildirmişlər.
1200 fərdi ev təsərrüfatından ibarət olan və 6500 nəfər sakinin yaşadığı Balakən rayonunun Hənifə kəndinin içməli su təchizatının yaxşılaşdırılması layihəsi bir neçə mərhələdə həyata keçirilmişdir. İlkin mərhələdə kənd ərazisində 500 kubmetr tutumu olan su anbarı tikilmiş və 864 sakinin içməli su təchizatı yaxşılaşdırılmışdır.
2011-ci ildə Hənifə kəndində 1 ədəd artezian quyusu qazılmış və 114 mm diametrli polad borularla 2,4 km su xətti çəkilmişdir. Görülmüş işlər nəticəsində 270 fərdi ev təsərrüfatı olmaqla 945 nəfər sakin dayanıqlı içməli su ilə təmin edilmişdir.
Kəndin digər bir hissəsini su ilə təmin etmək üçün 2016-cı ildə yeni subartezian quyusu qazılmış, 16 kubmetr tutumu olan 1 ədəd su çəni quraşdırılmışdır. Su mənbəyindən kəndə 90 mm diametrli polietilen borularla 1 km su xətti çəkilmişdir. Bununla da 200 ev təsərrüfatı və ya 550 nəfər sakin içməli su ilə təmin edilmişdir.
Ümumilikdə Hənifə kəndində yeni su təchizatı sistemlərinin yaradılması nəticəsində 2500-dək sakinin içməli su təchizatı yaxşılaşdırılmışdır.
Qeyd edək ki, Balakən rayonunun Hənifə kəndinin bir hissəsi yerli bələdiyyənin balansında olan su təchizatı sistemlərindən istifadə edir.