Balakəndə Ulu Öndərin anadan olmasının 93 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə Balakən rayonunda ekoloji mühitinin yaxşılaşdırılması, yaşıllıq sahələrinin salınması və onların mühafizəsi ilə bağlı mövcud ənənəyə uyğun olaraq növbəti ağacəkmə aksiyası və ümumrayon iməciliyi keçirilib. İməcilikdə rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, icra aparatının əməkdaşları, RİHB-nin kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri, bələdiyyələr, rayonun təhsil, səhiyyə, sənaye, mədəniyyət müəssisələrinin kollektivləri iştirak ediblər.
İştirakçılar əvvəlcə Ulu Öndərin adını daşıyan mədəniyyət və istirahət parkında yerləşən möhtəşəm abidəsi önünə gül-çiçək dəstələri qoyub, ümummilli liderin xatirəsini dərin ehtiramla yad ediblər.
Daha sonra Balakən rayonunun Katex və Qullar kəndi istiqamətində müxtəlif növ ağaclar əkilib, eyni zamanda həmin ərazidə ötən illərdə əkilmiş ağaclara aqrotexniki qulluq göstərilib və təmizlik-abadlıq işləri aparılıb.