Balakən rayon Polis şöbəsinin yeni binasının açılışı olub
Ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü günü - mayın 10-da Balakən rayon Polis şöbəsinin yeni inzibati binasının açılışına həsr olunmuş mərasim keçirilib. Tədbirdə Balakən rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, respublika daxili işlər nazirinin müavini, polis general-leytenantı İsmət Əliyev iştirak edib.
Yeni tikilinin rəmzi açılışını bildirən lent kəsildikdən sonra tədbir iştirakçıları Növbətçi hissəyə, xidməti otaqlara, o cümlədən xüsusi avadanlıq və kompyuter sistemi ilə təchiz edilmiş, virtual dərs keçirilməsi üçün nəzərdə tutulmuş tədris otağına, akt zalına, Müvəqqəti saxlama yerinə baxıb, binanın ikinci mərtəbəsinin foyesində ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik fəaliyyətini, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin daxili və xarici siyasət sahəsində əldə etdiyi uğurları, daxili işlər orqanlarına xüsusi diqqət və qayğısını əks etdirən fotostendlərlə tanış olublar.
İnşasına 2014-cü ilin aprel ayında başlanılmış 3 mərtəbəli kürsülü inzibati binanın ümumi sahəsi 3200 kvadratmetrdir. Ən müasir standartlara uyğun olan binanın bütün otaqları zəruri avadanlıq, inventar və kommunikaslyalarla təchiz edilib, Növbətçi hissə, yeməkxana və digər yardımçı sahələr istifadəyə verilib, həyətdə su hovuzu tikilib. Yeni tikilidə 46 xidməti otaq, 110 yerlik akt zalı var. Binada ventilyasiya, mərkəzi istilik sistemi, qazanxana, rabitə-kommunikasiya və elektrik xətləri quraşdırılıb. Ərazi hasarlanıb, abadlaşdırma, yaşıllaşdırma və xarici işıqlandırma işləri yerinə yetirilib.