Azərbaycanda keçirilən Dağıstan Mədəniyyət Günləri çərçivəsində Q.Sadasa adına Avar musiqili dram teatrı Balakəndə tamaşa nümayiş etdirib
Bu il ilk dəfə olaraq 12-13 may tarixlərində Azərbaycanda keçirilən Dağıstan Mədəniyyət Günləri çərçivəsində Q.Sadasa adına Avar musiqili dram teatrı Balakəndə tamaşa nümayiş etdirib.Tamaşadan öncə açılış nitqi ilə çıxış edən RİHB-nın müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nəzakət Rüstəmova qonaqları salamlayaraq bildirib ki, qədim və zəngin tarixə malik Balakənin ictimai-siyasi həyatı, maddi və mənəvi mədəniyyəti öyrənildikcə burada ümumqafqaz, hətta bəşər sivilizasiyalarına qatılacaq dəyərlər ortaya çıxır. Balakən çoxmillətli rayondur. Rayonumuzda azərbaycanlılarla yanaşı avarlar, ruslar, ləzgilər, gürcülər və digər millətlərin nümayəndələri bir ailə kimi mehriban yaşayırlar. Qeyd etməliyik ki, Balakən rayonunun əhalisinin 26%-ni avarlar təşkil edir. Rayonumuzun gündən –günə gözəlləşməsi, abadlaşması burada yaşayan insanların rifah halının yüksəlməsi, ümumilikdə respublikamızda gedən inkişafın təzahürüdür.
Ölkəmizdə multikulturalizm və tolerantlıq ideyalarının inkişafından bəhs edən N.Rüstəmova qeyd edib ki, multikulturalizm tarixən Azərbaycanda olmuş və yaşam tərzinə çevrilmişdir. Ölkəmizdə yaşayan bütün azsaylı millət və xalqların milli-mənəvi dəyərlərinə, mədəni irsinə hörmətlə yanaşırlar. Bütün bunlar dövlət səviyyəsində aparılan uğurlu siyasətin nəticəsidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan edilməsi multikulturalizmin dövlət siyasətinə və xalqımızın həyat tərzinə çevrildiyini sübut edir.
Daha sonra çıxış edən Q.Sadasa adına Avar musiqili dram teatrının direktoru Məhəmmədrəsul Məhəmmədrəsulov ölkəmiz haqqında xoş təsuratlarını qeyd edib və gözəl və isti qarşılanmaya görə kollektiv adından təşəkkürünü bildirib.
Tamaşa zamanı avar musiqisi və mədəniyyətinin əks olunduğu səhnələr tamaşaçıların böyük marağına səbəb olub.