Şriftin ölçüsü :

Saytın rəngi :

Balakəndə “Məhsul bolluğu” bayramı

10 noyabr 2012 | 16:00

İndiyə kimi Balakəndə çox bayramlar qeyd olunub. Bu bayramlar içərisində “Məhsul bayramı”nın xüsusi yeri vardı. Taxılçılıq, tütünçülük, heyvandarlıq, baramaçılıq, meyvəçilik, arıçılıq və digər kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində Balakən rayonu həmişə irəlidə gedirdi. Keşmiş SSRİ məkanında Balakən tütünçülük və baramaçılıq sahəsində birinci yeri tuturdu. Əmək göstəricilərinə görə 18 nəfər balakənli kolxozçu “Sosialist Əməyi Qəhrəmanı” adına layiq görülmüşdü. Bütün bunlar çox da uzaq keçmiş deyil.
Ölkəmiz ikinci dəfə müstəqillik əldə etdikdən sonra insanların bol məhsul istehsalı üçün, ailə büdcəsini artırmaq üçün imkanları daha da artmışdır. Ölkəmizdə keçirilən torpaq islahatından sonra kənd təsərrüfatı əməkçilərinin bolluq yaratmaq imkanları daha da çoxalmışdır. İndi dövlət kənd təsərrüfatı əməkçilərinə yetişdirdikləri kənd təsərrüfatı məhsulların görə həm maliyyə, həm də texnika və gübrə yardımı edir. Bu gün işləmək istəyən, bolluq yaratmaq və yaxşı gəlir əldə etmək istəyən hər kəsə geniş meydan açılmışdır.
08 noyabr 2012-ci il tarixdə Ulu öndər Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkında ilk dəfə keçirilən “məhsul bolluğu” bayramı deyilənlərə əyani sübutdur. Həmin gün “məhsul bolluğu” bayramında Balakəndə yetişdirilən bütün növ kənd təsərrüfatı məhsulları nümayiş etdirildi.
Rayon rəhbəri cənab İslam Rzayev başda olmaqla rəhbər işçilər ilk növbədə “məhsul bolluğu” bayramında nümayiş etdirilən bal sərgisinə baxmaqla başladılar. Onlar müxtəlif növ bal məhsulunun, qoz-fındıq və xurma məhsullarının dadına baxdılar. Balaca fidanların çıxışlarına qulaq asdıqdan sonra rayon rəhbərləri və onu müşayiət edənlər bayramda iştirak edən ayrı-ayrı kollektivlərin sərgisinə baxış keçirdilər. “AzərYem” MMC-nin və “Balacans” MMC-nin nümayiş etdirdikləri məhsullar hər kəsdə yüksək maraq doğurdu. Uzunluğu 2 metr olan tortu kəsdikdən sonra bayram iştirakçıları torta qonaq oldular.
Təkcə onu qeyd etmək lazımdır ki, Balakən bu “məhsul bolluğu” bayramını qeyd etməyə tam mənəvi haqqı vardır. Çünki, 2012-ci ildə Balakənin bütün növ iqtisadi göstəriciləri əvvəlki ildən yüksək olmuşdur. Cari ildə rayon üzrə qarğıdalı istehsalı 6442 hektardan, 41075 ton məhsul olmuşdur ki, bu da 2011-ci illə müqayisədə 21156 ton məhsul çoxdur.
Söhbət əsnasında rayon rəhbəri İslam Rzayev dedi:
- Balakən aqrar rayonudur. Burada hər cür kənd təsərrüfatı məhsulu yetişir. Zəhmət çəkən hər kəs yaxşı gəlir götürə bilər. Bu il ən azı 10-15 min və daha çox gəlir götürən sahibkarlar vardır. Sadə zəhmət adamları üçün də öz həyətyanı sahəsindən yaxşı gəlir götürmək imkanı vardır. İndi heç kəsin məhsulu xarab ola bilməz. Bunun üçün geniştutumlu meyvə saxlama və qurutma anbarı tikilmişdir. Bu anbarın tikintisi hər kəsin çoxdankı arzusu idi. Bugünki “məhsul bolluğu” bayramı onu göstərir ki, Balakən hər il “məhsul bolluğu” bayramı keçirə bilər. Bolluq yaradan hər kəs hörmət və ehtirama layiqdir. Çalışmaq lazımdır ki, Balakəndə hər il “məhsul bolluğu” bayramı keçirilsin.
Kənd təsərrüfatı və idarəetmə sahəsində xeyli təcrübəsi olan A.Bullayev, M.Qəbiləyev, F.Səlimov A.Ramazanov kimi ağsaqqallar, S.Əfəndiyeva və M.Qaysayeva kimi ağbirçəklərdə belə adda tədbirin rayonda birinci olduğu və əhəmiyyəti barədə öz təkliflərini söylədilər və tədbirə yüksək qiymət verdilər.
Bir yanda səslənən tambur havası, bir yanda sacda bişirilən maxara, tüstülənən samovarlar, qarğıdalı iməciliyi və yun darama səhnələri bayramın gözəlliyini daha da artırırdı. Sonra tədbir iştirakçıları pəhləvannın çıxışını, “nənələr” ansamblının rəqsini, müxtəlif qarğıdalı müsabiqələrini maraqla izlədilər.
Sonda respublika və yerli incəsənət ustalarının konserti oldu.
 

Keçidlər