Şriftin ölçüsü :

Saytın rəngi :

“Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın icrası və qarşıda duran vəzifələr ilə bağlı Ombudsmanın iştirakı ilə tədbir keçirilib

31 may 2016 | 16:00

2016-cı il mayın 31-də Balakən rayonu “Qubek” otelinin konfrans zalında Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın icrası, təbliği və tətbiqi vəziyyətinin öyrənilməsi, həmçinin qarşıda duran vəzifələrlə  bağlı Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanovanın iştirakı ilə tədbir keçirilib. Tədbirdə rayon icra hakimiyyətinin, ərazi icra nümayəndələrinin, məhkəmə, polis, prokurorluq orqanlarının, dairə seçki komissiyası və bələdiyyələrin, yerli qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin nümayəndələri, fəal gənclər, ağsaqqallar, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak edib.
Tədbiri Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev açaraq bildirdi ki, insan və vətəndaş hüquq və azadlıqlarının səmərəli müdafiəsi dövlət siyasətinin ən başlıca xəttini təşkil edir. Bütün dövlət orqanlarının, o cümlədən Balakən Rayon İcra Hakimiyyətinin fəaliyyətinin əsas prioritet istiqamətlərindən biri də insan və vətəndaş hüquq və azadlıqlarının qorunması, bu istiqamətdə müvafiq maarifləndirmə tədbirlərinin həyata keçirilməsidir. Milli Fəaliyyət Proqramından irəli gələn vəzifələr üzrə ötən dövr ərzində insan və vətəndaş hüquq və azadlıqlarının qorunması istiqamətində bir sıra tədbirlər həyata keçirilib. İslam Rzayev qeyd edib ki, rayon icra hakimiyyətində vətəndaşların kollegial qəbulu üçün əlverişli şərait yaradılmış, qəbul otağında aparatın məsul işçilərinin növbətçiliyi  təşkil olunub. Rayon icra hakimiyyəti başçısı tərəfindən hər  həftənin üçüncü günü, RİHB-nin müavinləri və şöbə müdirləri tərəfindən isə qrafik üzrə həftə ərzində vətəndaşların qəbulu aparılır. Vətəndaşların  müraciət etmək imkanlarının genişləndirilməsi məqsədi ilə rayon icra hakimiyyətinin saytında (balaken-ih.gov.az) elektron müraciət linki yaradılıb,  mail@balaken-ih.gov.az elektron poçt ünvanı vasitəsilə vətəndaşların müraciətləri qəbul edilir və araşdırılaraq cavablandırılır.
      Tədbirdə İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) Elmira Süleymanova çıxış edərək bildirib ki, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” insan hüquqlarının qorunması sahəsində islahatların yeni bir mərhələsidir. Ötən illərdə ölkəmizdə həyata keçirilən demokratik, hüquqi, sosial-iqtisadi islahatlar nəticəsində əhalinin rifah halı daha da yaxşılaşmış, regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları uğurla həyata keçirilmiş, Azərbaycanın hər bir şəhər və rayonu inkişaf etmişdir.  Qeyd edilib ki, respublikamızın hər bir bölgəsində insan hüquq və azadlıqlarının tətbiqi və təbliği vəziyyətinin monitorinqi, eyni zamanda əhalinin hüquqi maarifləndirilməsi istiqamətində ictimai dinləmələr mühüm əhəmiyyət kəsb edir. Elmira Süleymanova  respublikamızın yeni inkişaf mərhələsində əsas hədəfinin çoxşaxəli, səmərəli və innovasiya yönümlü iqtisadiyyatının formalaşdırılması, sosial sahədə önləyici inkişaf səviyyəsinin təmin olunması və əhalinin rifahının layiqli, qabaqcıl beynəlxalq standartlara uyğunlaşdırılmasına yönəldiyini, habelə elmin, mədəniyyətin tərəqqisində, ictimai həyatın bütün istiqamətlərində yeni nailiyyətlərin əldə olunmasının insan hüquqlarının da təşəkkülünə mühüm töhfələr verdiyini bildirmişdir.
Müzakirələrdə çıxış edən rayon polis şöbəsinin rəisi Elnur Həsənov, rayon prokuroru Həsən Mirzəyev, rayon ağsaqqallar şurasının sədri Rəşid Musayev, rayon gənclər və idman idarəsinin rəisi Rasim Paçalov, Azərbaycan Qızıl Aypara Cəmiyyəti rayon bölməsinin rəhbəri Nəsibə Hudulova, rayon tarix-diyarşünaslıq muzeyinin direktoru Xəlifə Mirəliyev, RİHB-nın Qaysa kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Meysarat Qaysayeva çıxış edərək insan hüquqlarının həyata keçirilməsi üzrə fəaliyyət, müvafiq qanunvericilik, inkişaf göstəriciləri barədə məlumat verərək, görülmüş işlər və hüquqi maarifləndirmə bağlı həyata keçirilən tədbirləri diqqətə çatdırıblar.
     Tədbirin sonunda Elmira Süleymanova bir qrup vətəndaşı qəbul edərək onları dinləmiş, problemlərini öyrənmiş, hüquqlarını izah etmiş, müraciətlər araşdırılmaq məqsədi ilə icraata götürülmüşdür.

Keçidlər