Balakəndə dövlət qulluqçularının peşə bayramı təntənə ilə qeyd edildi
İyunun 23-də Dövlət Qulluqçularının peşə bayramı günü Balakəndə təntənə ilə qeyd edildi.
Əvvəlcə Balakən rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, İcra başçısının müavinləri, İcra Aparatının kollektivi və rayonda fəaliyyət göstərən müəssisələrin dövlət qulluqçuları Heydər Əliyev adına mədəniyyət və istirahət parkına gələrək Ulu Öndərin abidəsini ziyarət etdilər, abidənin önünə təzə-tər gül dəstələri düzdülər.
Sonra RİH-nin iclas zalında bayram tədbiri keçirildi.
Tədbiri giriş sözü ilə açan Balakən RİH-nin başçısı İslam Rzayev bütün dövlət qulluqçularına təbriklərini çatdıraraq qeyd etdi ki, bu gün müstəqil Azərbaycanın dövlətçiliyinin möhkəmləndirilməsində, sosial-iqtisadi proqramların həyata keçirilməsində dövlət qulluqçuları fəal mövqe nümayiş etdirərək Vətənə, cəmiyyətə layiqincə xidmət göstərirlər.
İcra başçısı hazırda Balakəndə sağlam ab-havanın, işgüzar əhval-ruhiyyənin hökm sürdüyünü, İcra Aparatında və digər müəssisələrdə çalışan dövlət qulluqçularının öz peşələrinə sədaqətli olduqlarını vurğuladı, son illərdə rayonda qazanılan uğurlarda onların zəhmətini xüsusi qeyd etdi, rayonumuzda aparılan genişmiqyaslı tikinti, quruculuq və abadlıq işlərindən danışdı. Kadrların peşə hazırlığı məsələlərindən ətraflı söz açan İslam Rzayev yekunda bütün dövlət qulluqçularını, dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmiş Məhəmməd Şərifovu əlamətdar gün münasibətilə bir daha təbrik etdi,onlara ən səmimi arzularını çatdırdı və fəaliyyətlərində yeni-yeni uğurlar dilədi.
Tədbirdə çıxış edən natiqlər ulu öndər Heydər Əliyevin 1993-cü ildə ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra dövlət qulluğunda çalışanların əməyinə mühüm diqqət və qayğı göstərilməsindən, hazırda möhtərəm Prezidentimiz cənab İlham Əliyevin bu siyasəti uğurla davam etdirməsindən, dövlət qulluqçularının səmərəli fəaliyyətinin dövlət başçısı tərəfindən yüksək səviyyədə qiymətləndirilməsindən, mükafatlandırılmasından, onlara fəxri adların verilməsindən danışdılar,
Sonda dövlət qulluğunda fərqlənənlərin bir qrupuna Balakən RİH-nin Fəxri fərmanları təqdim olundu.