Balakəndə “Dövlət Bayrağı Günü” nə həsr olunmuş tədbir keçirilmişdir.
Noyabrın 9-da Heydər Əliyev adına mədəniyyət və istirahət parkında “Dövlət Bayrağı Günü” nə həsr olunmuş tədbir keçirilmişdir.
Rayon İcra hakimiyyətinin başçısı İslam Rzayev başda olmaqla aparat işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri Ulu öndər Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstləri qoymaqla öz dərin məhəbbət və ehtiramlarını bildirmişlər.
Sonra bayram tədbiri Heydər Əliyev Mərkəzində davam etdirilmişdi. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra Balakən rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev əlamətdar gün münasibətilə rayon sakinlərini təbrik edərək, hər birimiz üçün tükənməz qürur mənbəyi olan üçrəngli bayrağımızın tarixindən söhbət açmışdır.
Tədbirdə çıxış edən natiqlər Dövlət bayrağımıza bu günkü məhəbbətin, Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulamışlar. Qeyd olunmuşdur ki, möhtərəm Prezident İlham Əliyevin 2009-cu il noyabrın 17-də “Dövlət Bayrağı Günü” nün təsis edilməsi haqqında imzaladığı Sərəncama əsasən hər il noyabr 9-u ölkəmizdə “Dövlət Bayrağı Günü” kimi qeyd olunur. Bu cənab prezidentin dövlət rəmzlərinə verdiyi dəyərin bariz nümunəsidir.
Sonda Dövlət bayrağımıza həsr olunmuş “Xoşbəxt ay-ulduz”filmi nümayiş olunmuşdur.