Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov Balakəndə vətəndaşları qəbul edib
İyun ayının 24-də Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Balakən Mədəniyyət Mərkəzində Balakən, Şəki, Zaqatala, Qax, Oğuz və Qəbələ rayonlarının sakinlərini fərdi qaydada qəbul edib.
Əvvəlcə Səlim Müslümov və Balakən rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev ulu öndər Heydər Əliyevin mədəniyyət və istirahət parkında ucaldılmış abidəsi önünə gül-çiçək dəstələri qoyublar. Sonra rayon sakini II qrup Qarabağ müharibəsi əlili Layıcov Ceyhun Əsədulla oğlu üçün inşa edilmiş 3 otaqlı mənzilin açılışı olub, həmçinin rayonun İtitala kənd sakini II qrup Qarabağ müharibəsi əlili Rəhimov Aydəmir Ağabala oğlu üçün tikilmiş evin sənədləri ona təqdim olunub.
Qəbul zamanı vətəndaşlar əsasən məşğulluğun təminatı, imtiyazlı şəxslərin nazirlik tərəfindən mənzillə təmin olunması, əmək hüquqlarının təmin edilməsi, əmək pensiyası hüququnun müəyyən olunması, bərpa müalicəsinə köməklik göstərilməsi və s. məsələlərlə əlaqədar müraciət ediblər. Hər bir müraciətə diqqət və həssaslıqla yanaşılıb və nazirliyin müvafiq struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə araşdırılaraq cavablandırılması təmin edilib.
Vətəndaşların nazirliyin səlahiyyət dairəsinə aid olmayan məsələlərə dair müraciətləri aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.