Balakəndə “26 iyun – Narkomaniya və narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə günü”nə həsr olunmuş tədbir keçirilib.
25 iyun 2016-cı il tarixdə YAP Balakən rayon təşkilatında 26 iyun - Narkomaniya və narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı Beynəlxalq Mübarizə Gününə həsr olunmuş toplantı keçirilib.
Rayon rəhbərliyi, rayon ictimaiyyətinin, hüquq mühafizə orqanlarının təmsilçilərinin, səhiyyə işçilərinin, fəal gənclərin qatıldığı tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Balakən Rayon Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyasının sədri Azad Balayev bu cür tədbirlərin maarifləndirici əhəmiyyətindən danışmış, narkomaniya və onun cəmiyyətdə törətdiyi fəsadlar haqqında ətraflı məlumat verib.
Narkomaniyanın bütün dünyanı narahat edən problem olduğunu qeyd edən natiq, ölkələrin və bir çox beynəlxalq təşkilatların bu bəlanın qarşının alınması istiqamətində işlərin aparıldığını vurğulayıb, bildirib ki, narkomaniyanın daha geniş insan kütləsini öz təsiri altına almaması üçün ölkəmizdə də maarifləndirmə işlərinin aparılmasına böyük ehtiyac vardır.
Qeyd edilib ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş 2013-2018-ci illəri əhatə edən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqram”ın icrası ilə bağlı Dövlət Komissiyası, müvafiq nazirlik, komitə və təşkilatlar tərəfindən mühüm işlər görülmüşdür. Lakin Azərbaycanda son illərdə bu istiqamətdə aparılan işlərə baxmayaraq, narkomaniyaya meylli insanların sayında artım müşahidə olunur. Vurğulamışdır ki, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazisinin 20 faizinin işğal edilməsi və 132 kilometrlik dövlət sərhədinin nəzarətdən kənarda qalması da narkotik cinayətkarlığı artıran səbəblərdəndir.Ermənilər Azərbaycanın işğal olunmuş ərazisində yetişdirdikləri narkotik maddələri sataraq yüksək qazanc götürür və 100 minlərlə gəncin həyatını zəhərləyirlər.
Həmçinin xüsusi olaraq nəzərə çatdırılmışdır ki, Azərbaycanda narkotikə aludə olmuş şəxslərin 17 faizinin gənclər təşkil edir və bu göstərici digər ölkələrlə müqayisədə aşağı olsa da, narahatlıq doğurmaya bilməz. Qeyd olunan sahədə qabaqlayıcı tədbirlərin həyata keçirilməsi, kəsərli proqram və layihələrin icrasının, eləcə də belə maarifləndirici tədbirlərin keçirilməsinin vacibliyi tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Daha sonra tədbirdə MRX-nın baş həkimi Hacıömər Nuriyev, DQİDK-nin Zaqatala-Balakən şöbəsinin baş məsləhətçisi Elvin Qarayev, rayon Gənclər və İdman İdarəsinin rəisi Rasim Paçalov, Humanitar və texniki təçayüllü liseyin XI sinif şagirdi Rəvan Əliyev çıxış edərək “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqram”ın uğurla həyata keçirildiyi, bundan sonra da geniş ictimaiyyətin bu bəşəri bəla ilə mübarizəyə cəlb olunmasının vacibliyi dilə gətirilmiş, vətəndaş cəmiyyəti, bələdiyyələr, dövlət qurumları, hüquq mühafizə orqanları ilə birgə əməkdaşlığın ölkədə və regionlarda narkomaniyanın qarşısının alınmasına sanballı töhfə ola biləcəyi vurğulayıblar.
Narkomaniyanın cəmiyyət üçün böyük bəla olduğunu və onun “ağ ölüm” adlandırıldığını vurğulayan çıxışçılar gəncləri bu bəladan yaxa qurtarmaq üçün narkomaniyaya düçar olmuş insanları doğru yola çəkməyə, onlara kömək etməyə çağırıblar.
Diqqətə çatdırılıb ki, bu təhlükəli xəstəliklə mübarizədə maarifləndirmə işlərinə, idmanın kütləviliyinin artırılmasına ehtiyac duyulur, eyni zamanda, orta və ali məktəblərdə bədən tərbiyəsi dərslərinin keyfiyyəti artırılmalıdır ki, yeniyetmələr zərərli vərdişlərdən uzaq dursunlar.