Balakəndə "Polis günü" qeyd olunub
Balakən rayonunda Azərbaycan polisinin yaranmasının 98-ci ildönümü və Azərbaycan Polisi Günü ilə əlaqədar tədbir keçirilib. Əvvəlcə tədbir iştirakçıları Heydər Əliyev adına mədəniyyət və istirahət parkına gələrək Ulu Öndərin abidəsini ziyarət edib, abidənin önünə təzə-tər gül dəstələri düzüblər.
Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Azad Balayev idarənin bütün əməkdaşlarını Azərbaycan Polisi Günü münasibətilə səmimi qəlbdən təbrik edərək onlara bu çətin, lakin şərəfli peşələrində uğurlar arzulayıb. A.Balayev polis orqanlarının yaradılmasının şanlı tarixindən və onun formalaşaq təkmilləşdirilməsində xalqımızın ümummilli lideri Heydər Əliyevin misilsiz tarixi xidmətlərindən danışaraq bildirib ki, daxili işlər orqanlarının inkişafı daim dahi rəhbərin diqqət mərkəzində olub. Ulu öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi bütün dövrlərdə daxili işlər orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsinə, şəxsi heyətin peşəkarlığının artırılmasına öz dəyərli töhfəsini verib.
Natiq eyni zamanda diqqətə çatdırıb ki, ictimai asayişin etibarlı qorunmasının məntiqi nəticəsi olaraq, möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımız və dövlətimiz üçün taleyüklü sayılan mühüm layihələr reallaşdırılıb, dövlət başçısı tərəfindən daxili işlər orqanlarının inkişafı və onun müasir standartlara cavab verən ali səviyyəyə çatdırılması, vətəndaşlara xidmət və asayişin təminatının mütərəqqi formalarının tətbiq edilməsi üçün bütün lazımi tədbirlər həyata keçirilir.
Bu gün hüquq-mühafizə orqanlarının fəaliyyətlərini xalqa xidmət, dövlətçilik, qanunçuluq, anda sədaqət prinsipləri üzərində qurması, peşəkarlıq səviyyəsinin artırılması nəticəsində Azərbaycan cinayətkarlığa qarşı mübarizədə və əmin-amanlığın qorunması sahəsində dünyanın öncül dövlətlərindəndir.
Bildirilib ki, Azərbaycanın dünyada etiraf edilən sabit ölkə imici onu həm də beynəlxalq forum və sammitlərin davamlı surətdə keçirildiyi bir məkana çevirib. Ölkəmizdə hökm sürən sabitlik və ictimai-siyasi asayiş dövlətçiliyimizi və müstəqilliyimizi daha da gücləndirir, sosial-iqtisadi inkişafın bütün sahələrdə dinamik şəkildə sürətləndirilməsi istiqamətində möhkəm zəmin yaradır, regionda və beynəlxalq müstəvidə gücümüzü daha da artırır.
Sonda xidmətdə fəqlənən hüquq-mühafizə orqanlarının əməkdaşlarına Rayon İcra Hakimiyyətinin fəxri fərmanı təqdim olunub.