Balakəndə Şahmat Olimpiadası keçirilir
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin 2016-cı il üçün vahid təqvim planına əsasən 09 iyul 2016-cı il tarixdə Balakən rayonu Olimpiya İdman Kompleksində 16 yaşadək gənclərin şəxsi-komanda hesabında Respublika Şahmat Olimpiadasının açılışı olub. Azərbaycan Şahmat Federasiyası, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən yarışlarda respublikamızın 50 şəhər və rayonunu təmsil edən 500-ə yaxın şahmatçı mübarizə aparır. Komandaların heyəti 4 oğlan və 1 qız şahmatçıdan ibarətdir.
Yarışlara başlamazdan əvvəl iştirakçılar ümummilli lider Heydər Əliyevin mədəniyyət və istirahət parkında ucaldılan abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad ediblər.
Olimpiadanın rəsmi açılış mərasiminin əvvəlində Azərbaycanın dövlət himni səsləndirilib. Mərasimdə Balakən rayon gənclər və idman idarəsinin rəisi Rasim Paçalov, RİH-nin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-Fariz Nəcəfov, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti, beynəlxalq dərəcəli hakim Faiq Həsənov çıxış edərək ölkəmizdə şahmatın inkişafına göstərilən dövlət qayğısından bəhs edib, yarış iştirakçılarına uğurlar arzulayıblar.
Sonra yarışlara start verilib. İsveçrə sistemi ilə keçirilən yarışlarda şahmatçılar iki yaş qrupunda mübarizə aparırlar. İyulun 19-dək davam edəcək yarışların baş hakimi beynəlxalq dərəcəli hakim Qüdrət İsmayılovdur.