Şriftin ölçüsü :

Saytın rəngi :

Şeyxülislam Allahşükür Paşazadə və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Balakəndə dindarlarla görüşüb

20 iyul 2016 | 16:00

Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının iyulun 21-dəBalakəndə şəhərində dini icma rəhbərləri ilə görüş keçiriblər. Qafqaz Müsəlmanları İdarəsinin, Dövlət Komitəsinin və Balakən rayon İcra Hakimiyyətinin rəsmiləri əvvəlcə ümummilli Lider Heydər Əliyevin mədəniyyət və istirahət parkında ucaldılan abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər. Sonra icra hakimiyyətində aidiyyəti qurumların rəhbərlərinin iştirakı ilə görüş keçirilib.
Daha sonra Balakən şəhər mərkəzi cümə məscidində rayonda fəaliyyət göstərən dini icma rəhbərləri və dindarlarla görüş olub. Görüşü RİHB-nın birinci müavini Azad Balayev açaraq, Balakəndə mövcud dini durum barədə məlumat verib. Bildirilib ki, rayonda hazırda 65 məscid fəaliyyət göstərir, 10 dini icma rəsmi olaraq qeydiyyatdan keçib. Vurğulanıb ki, qeyri-ənənəvi təriqətlərin zərərli təbliğatının qarşısının alınması, ölkədəki tolerantlıq mühitinin qorunub saxlanması istiqamətində Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilən tədbirlər əhali tərəfindən razılıqla qarşılanır.
Balakən rayonunda bir neçə dəfə olduğunu xatırladan şeyxülislam Allahşükür Paşazadə bildirib ki, Azərbaycanın bütün rayonları kimi, Balakən də sürətlə inkişaf edir. QMİ-nin sədri deyib ki, bölgəyə budəfəki səfərinin məqsədi bu rayonlarda mənəvi həyatın necə inkişaf etdiyini öz gözləri ilə görmək, din xadimlərinin insanlara necə xidmət etmələri, müqəddəs “Qurani-Kərim”i xalqa necə çatdırmaları ilə əyani tanış olmaqdır.
Tədbirdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, hazırda dünyada olan münaqişələrin böyük hissəsi təəssüf ki, müsəlman dünyasına aiddir və bu, hər birimizi narahat edir. Komitə sədri İslam dünyasında belə hadisələrin baş verməməsi üçün əməli tədbirlərin həyata keçirilməsinin vacibliyini önə çəkib.
Vurğulanıb ki, müstəqilliyimizin bərpasından sonra ölkəmizdə bütün sahələr üzrə dövlətin siyasəti müəyyən edilib, istiqamətlər müəyyənləşdirilib. Azərbaycanın uğurları göz önündədir və bu uğurlar bölgələrin timsalında da aydın hiss olunur.
Görüşdə QMİ-nin sədri, şeyxülislam Allahşükür Paşazadənin müvafiq əmri ilə Zaqatala-Balakən bölgə qazısı vəzifəsində çalışan İbrahim İbrahimovun Balakən rayonunun qazısı vəzifəsinə təyin edildiyi bildirilib.

Keçidlər