Şriftin ölçüsü :

Saytın rəngi :

Daha bir məktəb binası açıldı

21 noyabr 2012 | 16:00

Noyabrın 20-də rayonun Xalatala kəndində 360 şagird yerlik yeni məktəb binasının açılışı oldu. 1934-cü ildə tikilib istifadə verilən köhnə məktəb ömrünü çoxdan başa vurmuşdu.
Ölkəmizdə təhsilə həmişə dövlət qayğısı göstərilmişdir. Ulu öndər Heydər Əliyev əbəs yerə deməmişdir ki, təhsil millətin gələcəyidir. Onun təhsillə bağlı ideyaları ölkə prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hər il ölkəmizdə 100-dən çox yeni məktəblər tikilir, bir çox məktəblər əsaslı təmir olunur, əlavə tədris korpusları inşa edilir.
Təhsilə dövlət qayğısı ucqar bölgələrdə də hiss olunur. Bunu biz rayonumuzun timsalında da aydın görə bilərik. Rayonumuzda son illərdə 20-dən çox yeni məktəbin tikilib istifadəyə verilməsi, 2 məktəbin əsaslı təmir olunması, 1 yeni bağça tikintisi deyilənlərə əyani sübutdur.
Təhsil Nazirliyinin xətti ilə inşa edilən bu məktəbin tikintisinə 2011-ci ilin oktyabr ayında başlanıb. Tikinti işlərini «Sənaye və Mülki Tikinti» MMC həyata keçirmişdir. İstifadəyə verilən bu yeni məktəb binası 18 sinif otağından, 2 laboratoriya, kompüter otağı, idman və akt zalları, bufet və sair otaqlardan ibarətdir. İstilik sistemi və 100 m3-lik su anbarı vardır.
Bayramsayağı bəzədilmiş, çoxlu şagird və müəllimin, valideynlərin çoxdan səbirsizliklə gözlədiyi açılış mərasimini rayon icra hakimiyyətinin başçısı cənab İslam Rzayev etdi. Rəmzi qırmızı lenti kəsməzdən əvvəl o açılışa toplaşanlar qarşısında çıxış etdi.

Cənab İslam Rzayevin çıxışından:
Hörmətli tədbir iştirakçıları!
Bu gün Xalatala sakinləri sevinc içərisindədir. Onlar çoxdan səbirsizliklə gözlədikləri yeni məktəb binasının açılışına toplaşmışlar. Gördüyünüz bu gözəl və yaraşıqlı, ikimərtəbəli bina bu gündən müəllim və şagird kollektivinin istifadəsinə verilir.
Ölkəmizdə təhsilə dövlət qayğısı ucqar bölgələrdə də hiss olunur. Ölkəmizdə neft kapitalı insan kapitalına çevrilir. Bunun üçün hər birimiz son illərdə bir neçə dəfə rayonumuza səfər etmiş cənab İlham Əliyevə minnətdar olmalıyıq.
Bu diqqət və qayğıya cavab isə yaxşı oxumaq, ölkəmiz üçün layiqli vətəndaş olmaqdır. Rayonumuzda məktəb tikintiləri davam edir. Ümidvarıq ki, bu yeni məktəbdə şagirdlərimiz məhz bu ruhda tərbiyə alacaqlar.
Sonra kənd ağsaqqalları İdris Çitiyevin və şagirdlərin çıxışları dinlənildi. Rəmzi qırmızı lent kəsildikdən sonra rayon rəhbəri İslam Rzayev və onu müşayiət edənlər sinif otaqlarına baxış keçirdilər.
Tədbir iştirakçıları ölkə prezidenti cənab İlham Əliyevə, rayon rəhbəri cənab İslam Rzayevə, eləcə də tikintidə əməyi olan hər kəsə minnətdarlıq bildirdilər.
 

Keçidlər