Şriftin ölçüsü :

Saytın rəngi :

Balakən rayonunda 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib

01 avqust 2016 | 16:00

İyulun 30-da Balakən rayonunda 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib. Hesabat məruzəsi ilə çıxış edən Balakən rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev 2016-cı ilin birinci yarısında rayonun sosial-iqtisadi və mədəni-ictimai həyatında əldə olunan uğurlu nəticələrdən, aparılan genişmiqyaslı abadlıq-quruculuq işlərindən, həyata keçirilən infrastruktur layihələrdən danışıb. Bildirib ki, 2016-cı ilin birinci yarısında kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyinin göstərilməsi və bu sahədə müvafiq  tədbirlərin həyata keçirilməsi insanların kənd təsərrufatına marağını  artıraraq bu sahənin daha da inkişaf etdirilməsinə geniş şərait yaradıb. Rayonun təbii və əmək ehtiyatlarından  maksimum səmərəli istifadə olunması, sahibkarlığın inkişafı və yeni iş yerlərinin yaradılması sahəsində ciddi təhlillər aparılmış, dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrindən istifadənin vəziyyəti dərindən öyrənilmiş, əkin sahələrinin  eləcə də istehsalın artırılması   ilə bağlı hədəf göstəriciləri müəyyən edilmişdir. Görülmüş işlərin nəticəsində  cari ildə 15586 hektar sahə  əkin  altında olmuş, onun 1183.5 hektarında payızlıq taxıl, 12444.5 hektarında isə yazlıq bitkilər əkilmiş, əvvəlki ilə nisbətən əkin sahələri 10.5% artırılmışdır. Təsərrüfatlarda 7244.5 ha sahədə qarğıdalı, 2046 ha sahədə tərəvəz, 905 ha sahədə kartof, 313 ha sahədə bostan, 379 ha sahədə lobya, 501 ha sahədə  tütün, 1056 ha sahədə yonca əkilmişdir. Yoncadan  başqa bütün digər bitkilərin  əkinində artım müsahidə  olunmuş, hətta taxıl əkini 2.5 dəfə artırılmışdır. Hazırda taxıl biçini başa çatmaqla və 3517.3 ton taxıl əldə olunmuş, məhsuldarlıq göstəricisi 2015-ci ilə nisbətən 5 sentner artaraq 30 sentnerə çatmışdır. 2016-cı  ildə ölkə Prezidenti cənab İlham Əliyevin aqrar sahənin inkişaf etdirilməsi sahəsində verdiyi tapşırıqların icrasının təşkili məqsədilə  kəndlərdə görüşlər keçirilmiş, tütün bitkisinin becərilməsi sahəsində uzun illər ərzində formalaşmış əmək vərdişlərinin olması  nəzərə alınaraq tütünçülüyün inkişaf etdirilməsi sahəsində zəruri işlər görülmüşdür. Nəticədə son illərdə ilk dəfə olaraq ümumilikdə 310 istehsalçı ilə müqavilə bağlanmış, 501 ha sahədə tütünün “İtiyarpaq” və “Virciniya” növlərinin əkilməsi təmin edilmişdir.  Hazırda sahələrdən tütünün toplanması davam edir.

İslam Rzayev qeyd etdi ki, 2016-cı ilin birinci yarısında  ümumi məhsul buraxılışı 62,3  milyon manat təşkil etmiş, 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə artım  2,7 faiz olmuşdur. Ötən dövrdə 24,7 milyon  manatlıq kənd təsərrüfatı məhsulu, 2,4 milyon manatlıq sənaye məhsulu istehsal edilmiş, 2,2 milyon manatlıq tikinti işləri görülmüşdür.
Birinci yarımillikdə ümumtəhsil məktəblərində uşaqların hərbi-vətənpərvərlik tərbiyəsinin və gənclərin asudə vaxtının səmərəli təşkili, erkən nikah və narkomaniya, dini radikalizm kimi halların qarşısını almaq məqsədilə əhali arasınada təbliğatın aparılması, rayon ərazisində dini durumun öyrənilməsi, qeyri-ənənəvi və zərərli təriqətlərin yayılması kimi məsələlər diqqətdə saxlanılıb.
Diqqətə çatdırılıb ki, Cari ilin birinci yarısında rayon ərazisində abadlaşdırma, tikinti, təmir və quruculuq işləri davam etdirilmiş, şəhərdə Heydər Əliyev Fondu hesabına tikilən 100 yerlik körpələr evi-uşaq bağçası və rayon polis şöbəsinin inzibati binası istifadəyə verilmişdir. Kənd təsərrüfatı idarəsinin və  Mazımçay  buraxılış məntəqəsi yaxınlığında gömrük terminalının  tikintisi davam etdirilir. “Balakən-1”  kiçik su elektrik stansiyasının tikintisi tamamlanmış, stansiya istismara hazırdır.
Yığıncaqda, həmçinin birinci yarımillikdə vətəndaşların qəbulu, onların ərizə və şikayətlərinə baxılması, səyyar qəbullar zamanı qaldırılan məsələlərin həlli istiqamətində görülən işlər ətraflı təhlil olunub, qarşıda duran vəzifələrdən bəhs edilib.

Keçidlər