Şriftin ölçüsü :

Saytın rəngi :

“Kiyev virtuozları” orkestri Balakəndə maraqlı konsert proqramı ilə çıxış edib

10 avqust 2016 | 16:00

Heydər Əliyev Fondunun təşkil etdiyi VIII Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində avqustun 8-də Balakən şəhərindəki Mədəniyyət Mərkəzində Ukraynanın “Kiyev virtuozları” kamera orkestrinin konserti olub.

Rayon icra hakimiyyətinin başçısı İslam Rzayev çıxış edərək orkestrin bölgələrdə ilk səyyar konsertinin Azərbaycanın şimal-qərb qapısı sayılan Balakəndə təşkilinə görə rayonun musiqisevərləri adından festivalın rəhbərliyinə minnətdarlığını bildirib.

Konsertdə musiqi festivalının bədii rəhbəri, “Kiyev virtuozları” kamera orkestrinin musiqi rəhbəri, İsrailin Yerusəlim simfonik orkestrinin dirijoru, dünya şöhrətli violençel ifaçısı Dmitri Yablonski dirijorluq edib. Orkestri violində Yerusəlim simfonik orkestrinin konsertmeysteri, Yerusəlim Musiqi Konservatoriyasının müəllimi, tanınmış violin ifaçısı Janna Qandelman müşayiət edib.

Orkestrin musiqiçilərinin hamısı peşəkar kamera musiqisi ifaçıları və solistlərdir. Orkestr Fransadan Yaponiyaya, Böyük Britaniyadan ABŞ-dək bütün dünya ölkələrində, həmçinin Cənubi Amerikada və Avstraliyada qastrol səfərlərində olub.

Konsert zamanı violin ifaçısı Janna Qandelmanın və Azərbaycan Televiziya və Radiosunun solisti Aytac Şıxəlizadənin ifa etdikləri Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri tamaşaçılar tərəfindən böyük maraqla və alqışlarla qarşılanıb.

Keçidlər