Şriftin ölçüsü :

Saytın rəngi :

Qəbələ rayonunda keçirilmiş IV mürəbbə festivalında Balakən rayonu nümayəndələri uğurlar qazanmışdır.

29 avqust 2016 | 16:00

Avqustun 27-də Qəbələ şəhərində IV Beynəlxalq Mürəbbə Festivalı keçirilib.
Qəbələ şəhərindəki “Qafqaz Karvansaray” otelinin qarşısındakı parkda keçirilən beynəlxalq tədbirdə 10 xarici ölkə, eləcə də Azərbaycanın 30 şəhər və rayonunu təmsil edən mürəbbə ustaları öz məhsullarını nümayiş etdiriblər. Dünya Kulinariya Təşkilatları Birliyinin və Dünya Xalq Yaradıcılığı Təşkilatının himayəsi altında keçirilən festivalı izləyənlər arasında Mədəniyyət və Turizm Nazirliyinin, Qəbələ Rayon İcra Hakimiyyətinin, Azərbaycan Milli Kulinariya Mərkəzinin rəhbər şəxsləri, bir neçə ölkənin Azərbaycandakı səfirləri, üç mindən çox yerli və xarici turist olub.
Festivalın açılış mərasimində Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, Milli Məclisin deputatı, Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov, Azərbaycan Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanov və festivalın münsiflər heyətinin sədri, Özbəkistan Aşpazlar Assosiasiyasının prezidenti Əkbər Umarov çıxış ediblər.
Respublikamızın mədəniyyətini və milli kulinariyasını təbliğ etmək məqsədi ilə keçirilən Qəbələ mürəbbə festivalında rayonların hər birindən 8 çeşiddə mürəbbə hazırlayan 8 nəfərdən ibarət komanda, eləcə də həmin şəhər və rayonların bədii kollektivləri, xalq tətbiqi sənəti ustaları iştirak ediblər. Festival əvvəlcə yarış şəklində təşkil olunub. Bunun üçün xüsusi komissiya da yaradılıb. Müsabiqəyə gilas, böyürtkən, çiyələk, heyva, qoz, ərik, gül, gavalı və digər mürəbbələr təqdim edilib. Komissiya tərəfindən 28 nəfərdən ibarət münsiflər heyəti seçilib. Münsiflər heyətinin tərkibinə müvafiq sahə üzrə ixtisaslaşmış mütəxəssislər və digər ekspertlər daxil edilib.
Balakən rayonunun ən qeyri-adi mürəbbə nominasiyası üzrə təqdim etdiyi cökə balında hazırlanmış cökə çiçəyi mürəbbəsi I yer– qızıl mükafata layiq görülmüş, bundan əlavə rayonumuz ən yaxşı stol tərtibatına görə III yer–bürünc mükafat, ən yaxşı heyva mürəbbəsinə görə isə IV yeri qazanmış, iştirakçılar diplom, kubok, medal və qiymətli hədiyyələrlə təltif olunmuşlar.
Azərbaycanın bölgələri arasında Zərdab (gilas), İsmayıllı (böyürtkən), Gəncə (çiyələk), Şəki (heyva), Qazax (qoz), Zaqatala (ərik), Gədəbəy (gül), Qəbələ (gavalı) birinci yerə layiq görülüb. Ən çox mürəbbə təqdimatına görə isə Bakı komandası, ən yaxşı təqdimata görə Xaçmaz iştirakçıları qalib olub. Mürəbbə hazırlayan müəssisələr arasında isə “Gilan Holdinq” şirkəti birinci yerə çıxıb.
Yarışlar bitdikdən sonra mürəbbələrin satışı üçün şərait yaradılıb, sərgi təşkil olunub.
Festival çərçivəsində xalq tətbiqi sənəti ustalarının əsərlərindən ibarət sərgi-yarmarkalar, həmçinin Qəbələnin bədii kollektivlərinin çıxışları da təşkil olunub. Beynəlxalq tədbir maraqlı konsert proqramı ilə davam etdirilib.

Keçidlər