Müəllimlərin ənənəvi sentyabr konfransı keçirilib
08 sentyabr 2016–cı il tarixdə Balakən rayon Mədəniyyət Mərkəzində müəllimlərin ənənəvi sentyabr konfransı keçirilib. Konfrans iştirakçıları əvvəlcə foyedə uşaqların əl işlərindən ibarət sərgiyə baxıblar.
Dövlət himni səsləndirildikdən sonra konfrans öz işinə başlayıb.
Konfransda rayon təhsil şöbəsinin müdiri Vahid Əliyev “2015-2016-cı dərs ilinin yekunları və cari dərs ilində qarşıda duran vəzifələr ” mövzusunda məruzə ilə çıxış edib. Natiq hazırda rayonda 35 tam orta, 9 ümumi orta, 4 ibtidai məktəbinin fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Qeyd edilib ki, son illərdə rayonda 32 yeni məktəb tikilib, 3 məktəb isə əsaslı təmir olunub. Məktəblərin maddi-texniki təminatı xeyli yaxşılaşdırılıb. Görülən tədbirlərin, aparılan məqsədəyönlü işin nəticəsidir ki, təhsil sahəsində uğurlarımız çoxdur. 2016-cı ildə məktəbi bitirən məzunlarımızdan 205 nəfər ali məktəblərə qəbul olunub ki, onlardan 11 nəfəri 600-dən, 20 nəfəri isə 500-dən yüksək bal toplayıb. Humanitar və texniki təmayüllü liseyin 3 nəfər şagirdi isə məktəbi qızıl medulla başa vurub.
Məruzə ətrafında Humanitar və texniki təmayüllü liseyin direktoru Şaban Abdullayev, gənc müəllim Cəmilə Məmmədova, məktəbi qızıl medulla bitirən Rəvan Əliyev, qəbul imtahanlarında 677 bal toplayan Ülviyyə Taralova çıxış ediblər.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi Rövşən Ağayev müstəqillik dönəmində respublika təhsilində əldə edilən uğurlardan danışıb və qarşıda duran vəzifələri konfrans iştirakçılarının nəzərinə çatdırıb.
Balakən rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev rayonun pedaqoji kollektivinə yeni dərs ilində uğurlar arzulayıb. Qeyd olunub ki, dövlət tərəfindən təhsilin inkişafına xüsusi diqqət və qayğı göstərilir. Bunun nəticəsidir ki, respublikamızda, o cümlədən rayonumuzda təhsil yüksələn xətt üzrə inkişaf edir. İ.Rzayev vurğulayıb ki, müəllimlər şagirdlərimiz vətənpərvərlik ruhunda, milli- mənəvi dəyərlərimiz əsasında tərbiyə almasına çalışmalıdırlar. Ölkəmizin layiqli vətəndaşı olaraq onun gələcək inkişafına böyük töhfələr versinlər. Bu baxımdan məktəblərin, təhsil işçilərinin üzərinə böyük məsuliyyət düşür. Öz peşəsinə bağlı olan, onu dərindən sevən, şagirdlərini daim düşünərək onların layiqli vətəndaş kimi yetişmələri üçün müxtəlif üsullardan istifadə edən, öz işini hər şeydən uca tutan müəllimlərimiz çoxdur.
Pedaqoji sahədə səmərəli fəaliyyətini və gənc nəslin təlim-tərbiyəsində qazandığı uğurlar nəzərə alınaraq bir qrup müəllim Balakən rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı ilə təltif edilib.
Sonda konfrans iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul olunub.