“Narkomaniyaya qarşı mübarizə mənəviyyatımızın xilası deməkdir” mövzusunda konfrans keçirilmişdir.
29 noyabr 2012-ci il tarixdə Heydər Əliyev Mərkəzində rayon İcra Hakimiyyəti, Gənclər və idman idarəsi, Təhsil və səhiyyə şöbələrinin birgə təşkilatçılığı ilə “Narkomaniyaya qarşı mübarizə mənəviyyatımızın xilası deməkdir” mövzusunda konfrans keçirilmişdir.
Tədbir 1 dekabr - Dünya QİÇS-lə (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) Mübarizə Gününə həsr olunmuşdur.
Rayon İcra Hakimiyyətinin, əlaqədar qurumların nümayəndələrinin, səhiyyə işçilərinin, hüquq mühafizə orqanları əməkdaşlarının və gənclərin iştirak etdikləri konfransda ölkəmizdə narkomaniyaya qarşı mübarizə sahəsində görülən işlərdən, həyata keçirilən profilaktiki tədbirlərdən danışılmış, bəşəriyyət üçün çox ciddi problemə çevrilmiş narkomanlığın yayılmasına qarşı hamılıqla mübarizə aparılmasının vacibliyi vurğulanmışdır. Qeyd olunmuşdur ki, bu sahədə valideyn və müəllimlərin, əmək kollektivlərinin üzərinə çox böyük vəzifələr düşür.
Tədbirdə narkomaniyanın törətdiyi fəsadlardan bəhs edən film nümayiş etdirilmişdir.
Sonda rayonun ümumtəhsil məktəbləri arasında “Narkomaniyaya yox deyək!” mövzusunda keçirilmiş rəsm müsabiqəsinin qalibləri mükafatlandırılmışlar.