Şriftin ölçüsü :

Saytın rəngi :

Balakəndə dövlət müstəqilliyinin bərpasının 25 illiyi münasibətilə yığıncaq keçirilib

18 oktyabr 2016 | 16:00

Balakən rayonu  Mədəniyyət Mərkəzində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25 illiyi təntənəli surətdə qeyd edilib. Əvvəlcə iştirakçılar foyedə yaradılmış rəsm sərgisi ilə tanış olublar. Dövlət himninin səslənməsi ilə başlayan tədbirdə məruzə ilə çıxış edən Balakən rayon İcra Hakimiyyyətinin başçısı İslam Rzayev dövlət müstəqilliyinin bərpasının 25 illiyi münasibətilə iştirakçıları təbrik edib. Bildirib ki, 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk olaraq Azərbaycan dövlət müstəqilliyini əldə edib, Xalq Cümhuriyyəti qurulub. Təəssüf ki, bu müstəqillik cəmi 23 ay davam edib. Lakin xalqın azadlıq, müstəqillik istəkləri sarsılmayıb. 70 illik həsrətə nəhayət ki, 1991-ci il oktyabrın 18-də son qoyulub. Azərbaycan Respublikasının Ali Soveti dövlət müstəqilliyinin bərpası barədə Konstitusiya Aktı qəbul edib. Lakin o illərdə Ermənistanın torpaqlarımıza hərbi təcavüzü, ölkəmizdə baş alıb gedən anarxiya, xaos, yarıtmaz idarəçilik müstəqilliyimizi yenidən təhlükə altına salmışdı. Xalq bu çətin vəziyyətdə ulu öndər Heydər Əliyevi hakimiyyətə dəvət etdi. Ölkənin düşdüyü bu ağır vəziyyətə biganə qala bilməyən Ulu Öndər əvvəlcə Ali Sovetin sədri, sonra isə ölkə Prezidenti seçildi. Beləliklə, dahi rəhbərin düşünülmüş və uzaqgörən siyasəti sayəsində respublika özünün inkişaf dövrünə qədəm qoydu. Hazırda Ulu Öndərin siyasi xətti dövlətimizin başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir, ölkəmiz dünyanın sayılıb-seçilən dövlətləri arasında öz layiqli yerini tutub.
İ.Rzayev qeyd edib ki,  ötən 25 ilə nəzər salanda görürük ki, dövlətin xalqla sıx birliyi və xalqın hakimiyyətə, onun siyasətinə böyük inamı nəticəsində Azərbaycan müstəqilliyini göz bəbəyi kimi qorudu və böyük nailiyyətlər əldə etdi. Müstəqil dövlətimizin qədrini bilmək, onu qorumaq, inkişafına əlimizdən gələn köməyi göstərmək isə hər birimizin müqəddəs borcudur. Ötən 25 il ərzində böyük inkişaf yolu keçən Azərbaycan gələcəkdə daha güclü və qüdrətli dövlətə çevriləcəkdir.
Sonda şeirlər söylənilib, müsiqi nümunələri səsləndirilib.

Keçidlər