Şriftin ölçüsü :

Saytın rəngi :

Balakənlilər bolluq, bərəkət bayramını böyük ruh yüksəkliyi ilə qeyd ediblər

05 noyabr 2016 | 16:00

Xurması, alması, armudu, qoz-fındığı ilə məşhur olan, zəhmətsevər insanların əməyi ilə gündən-günə yüksələn, şöhrətlənən, füsunkar gözəlliyi ilə gələnləri valeh edən Balakən rayonu bu gün özünün ən gözəl günlərini yaşayır. Bu gözəlliyi yaradanlar isə, şübhəsiz ki, sadə, zəhmətkeş balakənlilərdir.
05 noyabr 2016-cı ildə  Balakən şəhərində ümummilli lider Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkında “Məhsul bolluğu” bayramı keçirilib. Bayram tədbirində minlərlə balakənli, rayonun qabaqcıl fermerləri, məhsul istehsalçıları iştirak ediblər.
Ənənəvi olaraq artıq beşinci dəfədir keçirilən bu bayram son illər rayonun iqtisadiyyatında, xüsusilə aqrar sahədə qazanılan uğurları təbliğ və nümayiş etdirmək, balakənliləri daha böyük nailiyyətlərə ruhlandırmaq məqsədi daşıyır.
Balakənlilər bolluq, bərəkət bayramını bu il də böyük ruh yüksəkliyi ilə qeyd ediblər.
Bu ilin doqquz ayında rayonda aqrar sahədən 51,1 milyon manatlıq gəlir əldə edilib ki, onun 29,7 milyon manatı bitkiçilik, 21, 4 milyon manatı heyvandarlıq məhsullarının payına düşür. Balakənli fermerlər bu il qarğıdalı sahələrindən 45 min tondan artıq məhsul götürüblər. Ət, süd, yumurta, bal və digər növ kənd təsərrüfatı məhsulları istehsalı da ötən illə müqayisədə xeyli artıb. Balakən qarğıdalının həm əkin sahələrinə, həm də istehsal həcminə görə son 5 ildə  respublikada liderliyini qoruyub saxlayır.
Rayon rəhbərliyi və qonaqlar bayramsayağı bəzədilmiş parkda təşkil olunan kənd təsərrüfatı məhsullarının sərgiləri ilə tanış olub, ayrı-ayrı kəndlərin, müəssisə və təşkilatların hazırladıqları bayram süfrələrinə qonaq olub, Balakən mətbəxinə aid təamları dadıblar. Bayrama gələnlər Balakən mətbəxi üçün xarakterik olan süd çörəyi – maxaranın, buğda və qarğıdalı unundan təndir çörəyinin bişirilməsi prosesini canlı olaraq izləyiblər. Kənd yerləri üçün xarakterik olan qarğıdalı təmizlənməsi və yunun daranması iməciliklərinin nümayişi bayram iştirakçılarının böyük marağına səbəb olub.
“Məhsul bolluğu” bayramı paytaxtdan gəlmiş tanınmış incəsənət ustalarının rəngarəng konsert proqramı ilə başa çatıb.

Keçidlər