Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Balakən rayon təşkilatında partiyanın yaranmasının 24-cü ildönümü qeyd edilib

18 noyabr 2016 | 16:00

Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası  Balakən rayon təşkilatının birgə təşkilatçılığı ilə YAP-ın yaradılmasının 24-cü ildönümü münasibətilə tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan, RİHB-nın birinci müavini, YAP Balakən rayon təşkilatının sədri Azad Balayev ilk olaraq iştirakçıları YAP-ın yaradılmasının 24 illiyi münasibətilə təbrik edib: "Yeni Azərbaycan Partiyasının qurucusu, Ulu Öndər Heydər Əliyev 1993-cü ilin iyununda - son dərəcə mürəkkəb, ağır bir dövrdə xalqın təkidli tələbi ilə ölkəyə rəhbərlik məsuliyyətini üzərinə götürməsəydi, bugünkü müstəqil, qüdrətli, sürətlə inkişaf edən, regionun lider dövlətinə çevrilən Azərbaycandan danışmaq mümkün olmazdı. Olduqca çətin bir şəraitdə yaranmış bu partiyanın çox qısa müddətdə əsl siyasi qüvvə kimi formalaşması, minlərlə əqidəli insanın onun sıralarında birləşməsi bu gün bir daha Ulu Öndər Heydər Əliyev fenomeninin, dühasının qüdrətindən xəbər verir".
Məruzə ilə çıxış edən RİH-nin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Fariz Nəcəfov bildirib ki, Ulu Öndərimiz Heydər Əliyevin yaratdığı YAP ölkəmizin həyatında yeni mərhələnin əsasını qoyub, yarandığı vaxtdan siyasi mübarizələrlə dolu şərəfli bir yol keçib. YAP Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi siyasətin avanqard qüvvəsi kimi, xalqımızın qarşısında dayanan vəzifələrin həll edilməsinə layiqli töhfəsini verir. Natiq qeyd edib ki, xalqı bəlalardan, müstəqil dövlətçiliyimizi məhv olmaqdan xilas etmiş Ulu Öndərin formalaşdırdığı bu siyasi təşkilat 24  illik fəaliyyəti dövründə qarşısına  qoyduğu vəzifələrin öhdəsindən uğurla gəlmişdir. Dövlətə, xalqa xidməti fəaliyyətinin əsas istiqaməti qəbul edən Yeni Azərbaycan Partiyası yeni hədəflərə nail olmaq üçün mühüm addımlar atır. YAP-ın ölkəmizdə keçirilən seçki proseslərindən uğurla çıxması bu inkişafın, tərəqqinin daha da sürətlənməsində stimul rolu oynayır. 1998, 2003, 2008 və 2013-cü il prezident, 1995, 2000, 2005, 2010 və 2015-ci il parlament, 1999, 2004, 2009 və 2014-cü il bələdiyyə seçkiləri Azərbaycan tarixinə Yeni Azərbaycan Partiyasının qələbəsi kimi yazılıb.
Tədbirdə çıxış edən natiqlər partiyanın yaranmasını şərtləndirən o dövrün mühüm ictimai-siyasi mənzərəsini təhlil edərək geniş və əhatəli fikirlər söyləyiblər. Qeyd olunub ki, xalqın təkidli tələbi ilə Bakıya qayıdan Ulu Öndər Azərbaycanı vətəndaş qarşıdurmasından, müstəqilliyimizi itirmək təhlükəsindən qurtardı, çağdaş tariximizə dövlətçiliyimizin xilaskarı və qurucusu kimi daxil oldu. Əlbəttə ki, bu gün Ulu Öndərin əsasını qoyduğu siyasi kurs möhtərəm Prezidentimiz, partiyamızın Sədri İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının yaranmasının 24-cü ildönümü münasibəti ilə YAP sıralarına yeni qoşulmuş şəxslərə partiya vəsiqələri verilib.

Keçidlər