Şriftin ölçüsü :

Saytın rəngi :

Balakən rayonunun zəlzələdən zərər çəkmiş kəndlərində yeni fərdi evlər istifadəyə verilmişdir

07 dekabr 2012 | 16:00

Cari ilin mayında şimal-qərb bölgəsində baş vermiş zəlzələ nəticəsində Balakən rayonunda da onlarla fərdi evə, sosial təyinatlı obyektlərə, o cümlədən məktəb binalarına ciddi ziyan dəymişdir. Zəlzələdən dərhal sonra Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi göstərişinə uyğun olaraq aidiyyəti dövlət qurumları tərəfindən rayonun təbii fəlakətdən zərər çəkmiş yaşayış məntəqələrində kompleks tədbirlərin həyata keçirilməsinə başlanmışdır.
Dekabrın 5-də rayonun Püştətala, Kortala və Katex kəndlərində tikintisi başa çatmış fərdi evlər sakinlərin istifadəsinə verilmişdir.
Bu münasibətlə Püştətala kəndində keçirilən mərasimdə qeyd olunmuşdur ki, Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən Balakən rayonunda tikintisinə başlanmış 215 fərdi yaşayış evindən 105-i artıq sakinlərin istifadəsinə verilmişdir. Digər evlərin də tikintisi sürətlə davam etdirilir. Bu evlərin dekabrın sonunadək istifadəyə verilməsi nəzərdə tutulur. Yeraltı təkanlar nəticəsində rayonda iki məktəb binası tam qəzalı vəziyyətə düşmüşdür. Püştətala kəndində ibtidai məktəb üçün inşa edilmiş 80 şagird yerlik yeni məktəb binası noyabrın ortalarında istifadəyə verilmişdir. 300 yerlik Qarahacılı tam orta məktəbin binası da yaxın günlərdə istifadəyə veriləcəkdir.
Bildirilmişdir ki, oktyabrın 13-14-də baş vermiş təkrar zəlzələnin vurduğu ziyanı müəyyənləşdirmək məqsədi ilə hazırda FHN-in işçi qrupları tərəfindən yerlərdə araşdırmalar davam etdirilir.
Mərasimdə kənd ağsaqqalları Zakir Balaməmmədov, Əsədumar Damadayev çıxış edərək baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlərə görə sakinlər adından dövlət başçısına minnətdarlıqlarını bildirmişlər.
Sonra rayon İcra Hakimiyyətinin başçısı və FHN-in nümayəndəsi Püştətala və Kortala kəndlərinin sakinlərinə yeni tikilmiş evlərin açarlarını təqdim etmişlər.
Daha sonra rayon rəhbərliyi, FHN-in və podratçı tikinti təşkilatlarının nümayəndələri Katex kəndinə gələrək yeni tikilmiş evlərin açarlarını ev sahiblərinə təqdim etmişlər.
Yeni tikilmiş üçotaqlı evin sahibi Murtuzəli Murtuzəliyevin həyətində kənd sakinləri və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə qeyd olunmuşdur ki, zəlzələ zamanı Katex kəndində 51 fərdi ev tam qəzalı vəziyyətə düşmüşdür. Yeni tikilən evlərdən 31-i artıq sakinlərin istifadəsinə verilmişdir. Digər evlərin tikintisi də dekabr ayı ərzində başa çatacaqdır.
 

Keçidlər