Şriftin ölçüsü :

Saytın rəngi :

Balakən rayonunda “Vətənin müdafiəsinə hazıram!” mövzusunda tədbir keçirilib

22 dekabr 2016 | 16:00

20 dekabr 2016-cı il tarixdə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Balakən Rayon İcra Hakimiyyəti ilə birgə "Vətənin müdafiəsinə hazıram!" mövzusunda tədbir keçirib. Tədbirdə Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini general-mayor Novruzəli Orucov, Azərbaycan Əfqanıstan Müharibəsi Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, "Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə" İctimai Birliyinin sədri Emin Həsənli, orta məktəblərin yuxarı sinif şagirdləri, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi veteranları iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.
Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başlanılan tədbirdə daha sonra Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev ordu quruculuğu prosesində əldə edilmiş uğurlu nəticələrin gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsinə müsbət təsir etdiyini bildirib.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini general-mayor Novruzəli Orucov çıxışında Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandan cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycan Ordusunun regionun ən qüdrətli ordusu kimi işğal edilmiş torpaqlarımızı azad etməyə hər an hazır olduğunu qeyd edib.
Daha sonar çıxış edənlər belə tədbirlərin  gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi və hərbi xidmətə hazırlanmasındakı əhəmiyyətindən danışıblar.
Tədbirdə şəhid ailələrinin nümayəndəsi, veteranların nümayəndəsi, çağırışaqədərki hazırlıq rəhbəri, eləcə də "Çağırışaqədərki hazırlıq" fənnində yüksək nailiyyət göstərən şagird mükafatlandırılıb.
Tədbirin bədii hissəsində vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlı və Balakən rayon məktəblərinin özfəaliyyət kollektivləri vətənpərvərlik mövzusunda tərtib edilmiş proqramla çıxış ediblər.

Keçidlər