Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Balakən rayon təşkilatında 20 Yanvar faciəsinin 27-ci ildönümü qeyd olunub

17 yanvar 2017 | 16:00

16 yanvar 2017-ci il tarixdə YAP Balakən rayon təşkilatının inzibati binasında partiya fəalları, rayon ictimaiyyətinin iştirakı ilə 20 Yanvar faciəsinin 27-ci ildönümü qeyd olunub. İştirakçılar əvvəlcə faciə qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbiri giriş sözü ilə açan Balakən RİHB-nın birinci müavini, YAP Balakən rayon təşkilatının sədri Azad Balayev qeyd edib ki, 1990 -cı il yanvarın 20-də  Azərbaycan xalqına qarşı törədilmiş müdhiş cinayətdən 27 il ötür. Bu illər ərzində o dəhşətli  faciə bir an da olsa, unudulmamış, Vətənimizin istiqlaliyyəti, azadlığı, müstəqilliyi uğrunda canlarından keçmiş mərd oğul və qızlarımızın – şəhidlərimizin uyuduqları Şəhidlər xiyabanı hər bir azərbaycanlı üçün əsl ziyarətgaha çevrilmişdir.
A.Balayev bildirib ki,  o məşəqqətli günlər hər birimizin yaddaşına əbədi həkk olunub. Həmin gün Azərbaycanın müstəqillik  tarixinə qanla yazılmış bir səhifədir, ancaq  təkcə faciə deyil. Bu tarix Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizdəki azadlıq istəyinin oyanış günü idi. 1990 - cı ilin 20 yanvar günü uzun illər Sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi, ərazi bütövlüyü  uğrunda  qəhrəmanlıq  nümayiş etdirdiyi şərəfli bir tarixdir.
Daha sonra RİH-nin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Fariz Nəcəfov məruzə ilə çıxış edib. Məruzədə qeyd olunub ki, Azərbaycanın informasiya blokadasına alındığı bir şəraitdə baş vermiş həqiqətləri operativ surətdə dünya ictimaiyyətinə çatdırmaq zərurəti yaranmışdı. Dəhşətli faciəyə kəskin etiraz olaraq 1990-cı il yanvarın 21-də ailəsi ilə birgə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək mətbuat konfransı keçirən ümummilli liderimiz Heydər Əliyev hadisəyə operativ və düzgün qiymət verən ilk vətənpərvər siyasi xadim oldu. Ulu öndərin qətiyyətli mövqeyi respublikamızın informasiya blokadasına alındığı ağır günlərdə totalitar rejimə ağır və sarsıdıcı zərbə endirdi. 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis həmin tarixi  Ümumxalq Hüzn Günü  elan etmiş və həmin gün respublikamızda hər il  qeyd edilir.  Qanlı hadisə zamanı hünər nümunəsi göstərərək həlak olmuş Azərbaycan Respublikası vətəndaşlarına ölkə Prezidentinin fərmanına əsasən “20 Yanvar şəhidi” fəxri adı verilmişdir. Eləcə də “1990-cı il 20 Yanvar hadisələri zamanı əlil olmuş şəxslərə dövlət qayğısının artırılması haqqında” sərəncama əsasən müxtəlif tədbirlər həyata keçirilir.
Məruzə ətrafında rayon 1 saylı Peşə məktəbinin direktoru Rəhim Tağıyev, rayon tarix-diyarşünaslıq muzeyinin direktoru Xəlifə Mirəliyev çıxış edərək 20 Yanvar faciəsi haqqında fikirlərini bölüşüblər.

Keçidlər