Şriftin ölçüsü :

Saytın rəngi :

Balakəndə “20 Yanvar Qan Yaddaşımız” mövzusunda dəyirmi masa keçirilib

19 yanvar 2017 | 16:00

Balakən rayon Heydər Əliyev Mərkəzində  20 Yanvar faciəsinin  27-ci ildönümü ilə bağlı olaraq “20 Yanvar  Qan Yaddaşımız” mövzusunda dəyirmi masa  keçirilib.
           Tədbirdə əvvəlcə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Balakən RİHB-nın müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nəzakət Rüstəmova  tədbiri giriş sözü ilə açaraq 20 Yanvar faciəsinin baş vermə səbəbləri ilə bağlı ətraflı məlumat verib. Qeyd edilib ki, qanlı yanvar tariximizin qan yaddaşı, şanlı səhifəsi, 20 Yanvar 1990-cı il xalqımızın azadlıq mübarizəsinin qəhrəmanlıq salnaməsidir. Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvarında ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.
Bu qanlı hadisələrdən illər keçməsinə baxmayaraq, xalqımız o müdhiş gecəni daim xatırlayır, bu faciəni törədənlərə öz dərin nifrətini bildirir. Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsini respublikamız hər il ümumxalq hüzn günü kimi geniş qeyd edir.
Tədbirdə Heydər Əliyev Mərkəzinin direktoru Lelya Qarayeva, RTŞ-nin məsləhətçisi Cavanşir Alqayev, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Balakən rayon təşkilatının sədri Sarvan Şibliyev, Şəki regional Mədəniyyət və Turizm İdarəsinin Balakən rayonu üzrə  nümayəndəsi Şəfəq Hacıyeva çıxış ediblər. Çıxışlarda qeyd olunub ki, ulu öndər Heydər Əliyevin faciənin ertəsi günü ailəsi ilə birgə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək Qanlı Yanvar qırğınını törədənləri pisləyən kəskin bəyanatla çıxış etməsi o dövrdə misli görünməmiş cəsarətli addım idi. Ümummilli lider Heydər Əliyev imperiyanın Azərbaycana və onun xalqına qarşı qanlı təcavüzünə kəskin etirazını və hiddətini bildirib, faciəni törədənlərin cəzalandırılmasını tələb edib. Yalnız Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilməsini bir daha diqqətə çatdırıblar.
            Tədbirin sonunda Nəsimi adına şəhər 2 saylı və Z.Əliyeva adına şəhər 3 saylı tam orta məktəbin şagirdləri doğma Azərbaycanımızın azadlığı, müstəqilliyi uğrunda canından keçmiş şəhidlərimizə  həsr olunmuş, hər kəsi mərdliyə, vətənpərvərliyə  səsləyən şeirlər söyləyiblər.

Keçidlər