“Gənclər paytaxtı” Balakəndə məktəblilərin ənənəvi spartakiadasına start verilib
2017-ci il üçün “Azərbaycanın gənclər paytaxtı” elan edilən Balakəndə martın 4-də rayon məktəblilərinin ənənəvi spartakiadasına start verilib. 5 mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr olunan və on gün davam edəcək spartakiadada 500 nəfərdən çox məktəbli 11 idman növü üzrə mübarizə aparacaq.
Spartakiadanın Balakən Olimpiya İdman Kompleksində keçirilən rəsmi açılış mərasimində Balakən rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, rayon gənclər və idman idarəsinin rəisi Rasim Paçalov və digər qonaqları çıxış edərək, ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafına göstərilən dövlət qayğısından danışıblar. Qeyd olunub ki, ənənəvi olaraq hər il keçirilən bu yarışlar rayonda idmanın kütləviliyinin artmasına böyük töhfə verir. Vurğulanıb ki, Balakənin “Gənclər paytaxtı” seçilməsi bu il yarışlara marağı daha da artırıb.
Təbrik və çıxışlardan sonra rayonda idmanın inkişafında xüsusi əməyi olan 10 idman ustası və məşqçiyə qiymətli hədiyyələr təqdim olunub.
Daha sonra idman kompleksində atletika üzrə yarışlar başlanıb. Spartakiadanın proqramına, həmçinin mini futbol, şahmat, güləş, gimnastika, stolüstü tennis, boks, voleybol, basketbol və digər idman növləri üzrə yarışlar daxil edilib.
Məktəblilərin spartakiadası martın 15-dək davam edəcək.