Balakəndə 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr müzakirə olunub
Balakən rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş iclasında 2017-ci ilin birinci rübündə rayonun sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr müzakirə olunub. İclasda Balakən rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, icra nümayəndələri, bələdiyyə sədrləri, fermerlər, gənclər və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edib.
Yığıncaqda məruzə ilə çıxış edən Balakən rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev bildirib ki, rayonda 1 aprel 2017-ci il vəziyyətinə 3203 ha sahədə əkinlərin aparılması təmin edilib, 1579 ha sahədə payızlıq (o cümlədən 1103 ha buğda, 476 ha arpa), 1624 ha sahədə isə yazlıq bitkilər əkilib. Əkinlərin 819 hektarını tərəvəz, 464 hektarını kartof, 37 hektarını lobya, 11 hektarını bostan, 293 hektarını yonca və digər bitkilər təşkil edir. Əvvəlki ilə nisbətən payızlıq taxıl əkinləri 395,5 ha, yəni, 33,4 % artıb. Hal-hazırda rayonun təsərrüfatlarında yazlıq bitkilərin əkilməsi davam etdirilir. Eyni zamanda, payızlıq taxıl sahələrinə, eləcə də yeni salınmış fındıq və meyvə bağlarına aqrotexniki qulluq göstərilir.
Son illərədək rayonda tütün istehsal edilməməsinə baxmayaraq 2016-cı il dönüş ili olmuş və 501 ha sahədə tütün əkilərək məhsul istehsal edilib. Cari ildə isə 520 ha sahədə tütün əkilməsi nəzərdə tutulub. Torpaq sahələri və istehsalçılar müəyyən edilmiş, şitil ehtiyatının yaradılması üçün 1033 sadə istixana hazırlanmış, emal müəssisələri olan “İntertabacco” MMC və “İlham” MMC ilə müqavilələr bağlanılması istiqamətində işlər görülüb. Şitilliklərə aqrotexniki xidmət göstərilməklə tütünün sahələrə köçürülməsinə hazırlıq işləri görülüb və 485 ha sahə şumlanıb.
Cari ildə rayonda fındıqçılığın inkişaf etdirilməsi sahəsində müvafiq işlər görülüb və yeni fındıq bağları salınması məqsədi ilə torpaq sahələri müəyyənləşdirilib. Rayonda ümumilikdə 2264,2 ha sahədə yeni fındıq bağları salınıb ki, onun da 662 hektarı hesabat dövrünə düşür.
İslam Rzayev məlumat verib ki, şəhərdə 29 çoxmənzilli yaşayış binasında və binaların həyətlərində təmir işlərinin aparılması nəzərdə tutulub və artıq 15 binada təmir işlərinə başlanılıb. Şərif kəndində 360 şagird yerlik məktəbin tikintisi davam etdirilib, Sarıbulaq və Mahamalar kəndlərində müvafiq olaraq 20 və 10 yerlik modul tipli məktəblərin, şəhərin Səttar Gözəlov küçəsində “Bayraq müzeyi”nin, Heydər Əliyev prospektində “ABAD-park” kompleksinin iki mərtəbəli binasının tikintisinə başlanılıb.
İslam Rzayev qeyd edib ki, qədim tarixə, etnik müxtəlifliyə, zəngin adət-ənənələrə malik olan Balakən rayonu üçün 2017-ci il uğurla başlayıb. Balakən rayonu 2017-ci il üçün Azərbaycanın “Gənclər Paytaxtı” adına layiq görülüb. Ölkəmizin şimal-qərb qapısı sayılan Balakən rayonunun bu şərəfli ada layiq görülməsi heç də təsadüfi deyil və böyük zəhmət hesabına başa gəlib. Bu uğur Balakəndə uzun illərdən bəri aparılan məqsədyönlü işin məntiqi nəticəsidir və rayon gənclərinin yüksək fəallığı sayəsində mümkün olub.
Hesabat iclasında Balakən rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi Məhəmməd Şərifov, ASAN Xidmət Qəbələ regional mərkəzinin direktoru Əbdül Əliyev, rayon Suvarma Sistemləri İdarəsinin müdiri Ruslan Poladov və fermer İmran Çunayev çıxış edərək fəaliyyət göstərdikləri sahələr üzrə görülmüş işlər barədə ətraflı məlumat veriblər və qarşıda duran vəzifələr müzakirə olunub.