Balakəndə “Xəmsə” milli intellektual oyununun X respublika çempionatının açılış mərasimi keçirilib.
Balakən rayonunda “Xəmsə” milli intellektual oyununun X respublika çempionatının açılış mərasimi keçirilib.
Açılış mərasimində qonaqları salamlayan Balakən rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev qeyd edib ki, dövlətimizin apardığı gənclər siyasəti respublikamızın hər yerində olduğu kimi, Balakən rayonunda da uğurla həyata keçirilməkdədir. Rayonumuzun gəncləri istər təhsil sahəsində, istər idman və intellektual yarışlarda öz fəallıqları ilə seçilir və uğurlu nəticələr əldə edirlər. Bütün bunların nəticəsidir ki, Balakən rayonu 2017-ci il üçün ölkəmizin “Gənclər paytaxtı” seçilib. Son illər ərzində rayon gənclərinin, onların yaradıcılıq ideyalarının həyata keçirilməsinə, potensiallarının üzə çıxarılması və artırılmasına böyük diqqət göstərilib. Rayonda müasir tələblərə cavab verən Olimpiya İdman Kompleksi, müxtəlif idman qurğuları istifadəyə verilib, “Gənclər evi” fəaliyyətə başlayıb. Bütün bunlar, şübhəsiz ki, Balakənin 2017-ci il üçün “Azərbaycanın Gənclər Paytaxtı” seçilməsində mühüm rol oynayıb. Bu gün Balakən rayonu daha bir mötəbər yarışa, “Xəmsə” Milli İntellektual oyununun respublika mərhələsinin finalına ev sahibliyi edir. Milli brendimiz olan “Xəmsə” Milli-intellektual oyunu yeniyetmə və gənclərin intellektual səviyyəsinin artırılmasında müstəsna əhəmiyyətə malikdir. Bu gün rayonumuz öz tarixi günlərindən birini yaşayır. Respublikamızın ən intellektual, savadlı və bilikli gəncləri Balakənə toplaşıb. Bu yarış gəncləri özündə biləşdirən gözəl həmrəylik bayramıdır.
Daha sonra çıxış edən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin şöbə müdiri İndira Hacıyeva bildirib ki, yarışın keçirilməsində məqsəd gənclərin dünyagörüşünün formalaşmasına yardım etmək, onlarda vətənə, xalqa bağlılıq hissləri aşılamaq, tariximizi, mədəniyyətimizi təbliğ etməkdir. Bu gün yarışda respublikamızın 22 rayonunu təmsil edən 32 komanda iştirak edir. Komandaların hər biri zona yarışlarında qalib gələrək final mərhələsində çıxış etmək imkanı qazanıblar. Onlar artıq qalibdirlər, lakin oyunun qaydalarına əsasən sonda yalnız bir komanda ən yüksək balı toplayaraq zirvəyə çatacaq.
Sonda yarışın püşkü atılıb və qruplar müəyyənləşib. Qeyd edək ki, bir gün davam edəcək yarışda Balakən rayonunu “Alazan” və “Qubek” komandaları təmsil edir.