Şriftin ölçüsü :

Saytın rəngi :

Balakəndə “26 iyun – Narkomaniya və narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə günü”nə həsr olunan tədbir keçirilib

26 iyun 2017 | 16:00

YAP Balakən rayon təşkilatının inzibati binasında  26 iyun - Narkomaniya və narkotiklərin qeyri-qanuni dövriyyəsinə  qarşı Beynəlxalq Mübarizə Gününə həsr olunmuş toplantı keçirilib. Əvvəlcə tədbir iştirakçıları məktəblilərin əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.
Rayon ictimaiyyətinin, hüquq mühafizə orqanlarının təmsilçilərinin, səhiyyə işçilərinin, fəal gənclərin qatıldığı tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Balakən Rayon Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyasının sədri Azad Balayev bu cür tədbirlərin maarifləndirici əhəmiyyətindən danışmış, narkomaniya və onun cəmiyyətdə törətdiyi fəsadlar haqqında ətraflı məlumat verib.
Narkomaniyanın bütün dünyanı narahat edən problem olduğunu qeyd edən natiq, ölkələrin və bir çox beynəlxalq təşkilatların bu bəlanın qarşının alınması istiqamətində işlərin aparıldığını vurğulayıb. Bildirib ki, narkomaniyanın daha geniş insan kütləsini öz təsiri altına almaması üçün ölkəmizdə də maarifləndirmə işlərinin aparılmasına böyük ehtiyac vardır.
Tədbirdə məruzə ilə çıxış edən RİH-nin Hüquq şöbəsinin məsləhətçisi Pirdas Qardaşova qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş 2013-2018-ci illəri əhatə edən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqram”ın icrası ilə bağlı Dövlət Komissiyası, müvafiq nazirlik, komitə və təşkilatlar tərəfindən mühüm işlər görülmüşdür. Lakin Azərbaycanda son illərdə bu istiqamətdə aparılan işlərə baxmayaraq, narkomaniyaya meylli insanların sayında artım müşahidə olunur.   Həmçinin xüsusi olaraq nəzərə çatdırılmışdır ki, Azərbaycanda narkotikə aludə olmuş şəxslərin 17 faizinin gənclər təşkil edir və bu göstərici digər ölkələrlə müqayisədə aşağı olsa da, narahatlıq doğurmaya bilməz.
Daha sonra tədbirdə MRX-nın həkimi Şirin Abbasov, rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Sərxan Hacıyev çıxış edərək “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqram”ın uğurla həyata keçirildiyini, bundan sonra da geniş ictimaiyyətin bu bəşəri bəla ilə mübarizəyə cəlb olunmasının vacibliyini dilə gətiriblər.

Keçidlər