“Azərbaycanın Gənclər Paytaxtı” Balakəndə “SAY: Solidarity” layihəsinə start verilib
“İrəli” İctimai Birliyi Gənclər və İdman Nazirliyinin dəstəyi ilə 2017-ci il üçün “Azərbaycanın Gənclər Paytaxtı” seçilən Balakəndə “SAY: Solidarity” layihəsinə start verib. İyunun 30-da Balakən rayon Mədəniyyət Mərkəzində layihənin açılış mərasimi olub.
Tədbirdə Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev və “İrəli” İctimai Birliyinin (İB) sədri Mirhəsən Seyidov çıxış edərək, ölkəmizdə gənclərə göstərilən yüksək dövlət qayğısından danışıb, gənclərin intellektual və yaradıcı potensialının üzə çıxarılması, asudə vaxtlarının mənalı və səmərəli təşkili sahəsində davamlı iş aparıldığını diqqətə çatdırıblar.
İctimai Birliyin sədri bildirib ki, qurum tərəfindən könüllülüyün təbliği sahəsində fəaliyyətin davamı olaraq “SAY: Solidarity” layihəsi həyata keçirilir. Yeni layihə “İslam Həmrəyliyi İli”nə həsr olunub. Düşərgə günlərində gənclər açıq havada qurulmuş yaşayış çadırlarında qalacaq, müxtəlif istiqamətlər üzrə fəaliyyətlərini inkişaf etdirəcək, bu fəaliyyətin cəmiyyət üçün rolu və gələcəkdə onlara nə kimi imkanlar yarada biləcəyi barədə ətraflı məlumatlar əldə edəcəklər. Maarifləndirici əhəmiyyət daşıyan layihə çərçivəsində gənclərin ekspertlərlə görüşləri, təlim və seminarların keçirilməsi, həmçinin bir sıra sosial, idman və intellektual yarışların təşkili nəzərdə tutulub.
Diqqətə çatdırılıb ki, “Support of Azerbaijan Youth (SAY): Gənclərin Həmrəylik Düşərgəsi” layihəsi “İrəli” İctimai Birliyinin SAY hərəkatı adı altında reallaşdırdığı sayca beşinci layihədir. Bundan əvvəl “SAY: Könüllülük akademiyası”, “SAY: Green”, “SAY: Multikulturalizm” və “SAY: Volfest” layihələri reallaşıb. Adıçəkilən layihələrdə hədəf götürülən məqsəd və istiqamətlər müvafiq olaraq gənclərdə könüllülük ideyalarının aşılanması və inkişafı, gənclərdə ekoloji bilik və məsuliyyətin artırılması, gənc könüllülər şəbəkəsinin genişləndirilməsi və onların hərtərəfli formalaşmasına şərait yaratmaq idi.
Bildirilib ki, Prezident İlham Əliyevin Sərəncamına əsasən, 2017-ci il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunub. Məhz bu səbəbdən “İrəli” İB bu dəfə gəncləri “həmrəylik” adı altında toplayır. “SAY: Gənclərin Həmrəylik Düşərgəsi” layihəsi Azərbaycanda İslam həmrəylinin möhkəmləndirilməsində gənclərin rolunun artırılması, tolerantlıq prinsiplərinin və “yaşıl düşüncə”nin formalaşdırılması, mədəniyyətlərarası təbliğatda gənclərin fəal iştirakını təmin etməklə, ümumilikdə, gənclər şəbəkəsinin inkişafına nail olmaq məqsədi daşıyır. Layihədə Azərbaycanın müxtəlif bölgələrindən 100-dən artıq gənc iştirak edir.