Balakəndə 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr müzakirə olunub
Balakən rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş iclasında 2017-ci ilin birinci yarısında rayonun sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr müzakirə olunub. İclasda Balakən rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, icra nümayəndələri, bələdiyyə sədrləri, fermerlər, gənclər və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edib.
Yığıncaqda məruzə ilə çıxış edən Balakən rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev bildirib ki, rayonda 01 iyul 2017-ci il vəziyyətinə 13074,5 ha sahədə əkinlərin aparılması təmin edilib, 1560,5 ha payızlıq, 11514 ha isə yazlıq bitkilər əkilib. Əkinlərin 6885 hektarını qarğıdalı, 1888 ha tərəvəz, 568 ha kartof, 385,5 ha lobya, 332,5 ha bostan, 55,5 ha soya, 871,5 ha yonca və digər bitkilər təşkil edib. Əvvəlki ilə nisbətən payızlıq taxıl əkinləri 377 ha, yəni, 31,9 % artıb. Hal-hazırda təsərrüfatlarda taxıl biçini başa çatıb və 1560,5 ha sahədən 4807,4 ton taxıl istehsal edilib, orta məhsuldarlıq göstəricisi 26,9 sentner olub. Hesabat dövründə rayonda 10535,2 ton tərəvəz, 2115,6 ton kartof və digər kənd təsərrüfatı məhsulları istehsal edilib.
İslam Rzayev məlumat verib ki, cari ilin birinci yarısında rayon ərazisində abadlaşdırma, tikinti, təmir və quruculuq işləri davam etdirilib, şəhərdə 29 çoxmənzilli yaşayış binasında və binaların həyətlərində təmir işlərinin aparılması nəzərdə tutulub və artıq 16 binada təmir işləri qismən başa çatdırılıb. Şərif kəndində 360 şagird yerlik məktəbin, Sarıbulaq və Mahamalar kəndlərində müvafiq olaraq 20 və 10 yerlik modul tipli məktəblərin, şəhərin Səttar Gözəlov küçəsində “Bayraq muzeyi”nin, Heydər Əliyev prospektində “ABAD-park” kompleksinin iki mərtəbəli binasının, Katex kəndində “Balxurma” MMC-nin qurutma sexinin və anbar binasının tikintisi davam etdirilir. Şəhərin Heydər Əliyev prospektində su xətlərinin dəyişdirilməsinə başlanılıb, Heydər Əliyev prospektinin Qazbinə kəndi istiqamətində yolun hər iki tərəfində bardür və tamet daşları ilə səkilər düzəldilib və yaşıllıqlar salınıb.
Məruzədə rayonda gənclərin hərbi vətənpərvərlik və vətəndaşlıq ruhunda tərbiyə edilməsi, onların narkomaniya və digər zərərli vərdişlərdən uzaq olmaları, istedadlı gənclərlə iş, gənclərin asudə vaxtlarının səmərəli təşkili məqsədilə çox sayda tədbirlərin keçirildiyi, respublika və rayon səviyyəli çempionat, birincilik və turnirlərdə rayon idmançılarının iştirakının təmin edildiyi qeyd olunub.
Həmçinin məruzədə hesabat dövründə rayonda ictimai-siyasi sabitliyin qorunub saxlanılması, dini durumun öyrənilməsi, qeyri-ənənəvi və zərərli təriqətlərin yayılması kimi məsələlərə dair araşdırmaların aparılması, rayonda gedən ictimai-siyasi proseslərin müntəzəm təhlil edilməsi və bu sahədə maarifləndirici tədbirlərin keçirilməsi ilə bağlı məlumat verilib.
Hesabat iclasında “Aqrolizinq” ASC-nin Balakən rayon bölməsinin rəhbəri Fərman Balammədov, rayon Gənclər və İdman İdarəsinin rəisi Rasim Paçalov çıxış edərək fəaliyyət göstərdikləri sahələr üzrə görülmüş işlər barədə ətraflı məlumat veriblər.
Sonda RİH-nin başçısı İslam Rzayev aqrar sektorda, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə əldə olunan naliyyətlərdən danışıb, uğurlarla yanaşı problemləri də qeyd edib, aidiyyəti xidmət təşkilatlarına tapşırıq və tövsiyyələrini verib, qarşıda duran vəzifələr müəyyənləşdirilib.