Prezident İlham Əliyev Balakən Su Elektrik Stansiyasının açılışında iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 3-də Balakən Su Elektrik Stansiyasının açılışında iştirak edib.
Son illər ölkə iqtisadiyyatının bütün sahələri kimi elektroenergetika sistemi də ən müasir tələblər səviyyəsində yenidən qurulub, bu istiqamətdə köklü dəyişikliklər aparılıb. İcra edilən layihələr arasında yeni su elektrik stansiyalarının inşası, mövcudlarının isə əsaslı şəkildə yenidən qurulması xüsusi əhəmiyyət daşıyır. Balakəndə yeni inşa edilən Su Elektrik Stansiyası da bu baxımdan böyük rol oynayır. Bu cür layihələrin icrası bölgələrin enerji təminatının gücləndirilməsində mühüm rol oynayır, eyni zamanda, regionların inkişafına təkan verməklə, əlavə iş yerlərinin açılmasına səbəb olur. Mütəxəssislərin araşdırmalarına görə, respublikanın müxtəlif bölgələrində dağ çayları və suvarma kanalları üzərində onlarla kiçik su elektrik stansiyasının tikintisini həyata keçirmək mümkündür. Kiçik su elektrik stansiyalarının tikintisi bir tərəfdən elektrik enerjisinin istehsalında yanacağa qənaət edilməsinə imkan verir, digər tərəfdən isə ətraf mühitə heç bir zərər yetirmədən istehlakçıları elektrik enerjisi ilə təmin edir.
Bildirildi ki, Balakən çayı üzərində tikilmiş və ümumi gücü 1,5 meqavat olan bu stansiyanın təməlini Prezident İlham Əliyev 2010-cu ildə qoyub. Stansiya texniki göstəricilərinə görə olduqca səmərəli və müasirdir. Layihə çərçivəsində burada hündürlüyü 5,6 metr olan bənd tikilib. Bəndin maksimum eni 28, qaşının eni isə 4 metr təşkil edir. Burada saniyədə 63 kubmetr suburaxma qabiliyyəti olan sutullayıcı, saniyədə 23 kubmetr suburaxma qabiliyyəti olan suqəbuledici yaradılıb. Stansiyanın inşası zamanı uzunluğu 2 min metr, diametri isə 1550 millimetr olan boru, 10 və 0,4 kilovoltluq yarımstansiya və elektrik verilişi xətləri çəkilib, hər birinin gücü 0,5 meqavat olan üç hidroturbin və hidrogenerator quraşdırılıb. Bundan başqa, ərazidə turbin zalı və stansiyanın idarəetmə binası da inşa edilib.
Qeyd edildi ki, bu layihə olduqca əhəmiyyətlidir. İldə 10 milyon kilovat-saat elektrik enerjisi istehsalı gücünə malik stansiya rayonun tələbatının 15 faizini, Balakən şəhərinin tələbatının isə 25-30 faizini ödəyəcək.
Dövlətimizin başçısı Balakən Su Elektrik Stansiyasını işə saldı.