20 Yanvar faciəsi
20 Yanvar faciəsi qurbanlarının unudulmaz xatirəsi ölkəmizin hər yerində olduğu kimi Balakəndə də hörmət və ehtiramla yad edildi.
Rayonun bütün idarə və müəssisələrində 20 Yanvar faciəsinin 23-cü ildönümü müxtəlif tədbirlərlə qeyd olundu.Yanvarın 18-də bütün ümumtəhsil məktəblərində birinci dərslər 20Yanvar faciəsinə həsr olundu.
Yanvar ayının 18-də Heydər Əliyev Mərkəzində 20 Yanvar faciəsinin 23-cü ildönümünə həsr edilmiş dəyirmi masa keçirilmişdir. Dəyirmi masa iştirakçıları əvvəlcə iclas zalında 20 Yanvar faciəsinin dəhşətli səhnələrini əks etdirən foto-stendlər və inşa yazı nümunələri ilə tanış oldular.
Dəyirmi masanı rayon İcra Hakimiyyəti başçısının birinci müavini Azad Balayev açaraq qeyd etdi ki, 20 Yanvar-Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur. 20 Yanvar şəhidlərinin unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra məruzə üçün söz RİH başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nəzakət Rüstəmovaya verildi.
Məruzə ətrafında rayon Tarix-diyarşünaslıq muzeyinin direktoru Xəlifə Mirəliyev, Qarabağ Veteranları İctimai Birliyinin sədri Sarvan Şibliyev, rayon Statistika İdarəsinin rəisi Fərhad Xəlilov, Qullar kənd inzibati dairəsi üzrə nümayəndə Fəxrəddin Papaxov və Akademik Z.Əliyeva adına şəhər 3 saylı tam orta məktəbin direktoru Cəlil Abdullayev bir-birindən maraqlı faktlarla çıxış etdilər.
Tədbirə rayon İcra Hakimiyyəti başçısının birinci müavini Azad Balayev yekun vuraraq qeyd etdi ki, 20 Yanvar faciəsinə düzgün siyasi qiymət verilməsində Ulu öndər Heydər Əliyevin əvəzsiz rolu olmuşdur və onun titanik əməyi olan müstəqil Azərbaycan 20 Yanvar şəhidlərinin xatirəsinə ən böyük abidədir.
20 yanvar 2013-cü il tarixdə “Şəhidlər”in xatirə kompleksi dərin ehtiramla yad edildi.
Mərkəzi Cümə Məscidinin Naib imamı Elşən Poladov şəhidlərin ruhuna dua etdikdən sonra Xiyabana axın başlandı.
Öncə rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev “Şəhidlərin xatirə kompleksi”nin önünə tər qərənfil dəstələri qoydu.
Sonra RİH aparatının işçiləri, digər idarə-müəssisələrin kollektivləri, rayon ictimaiyyəti abidə önünə tər qərənfillər düzməklə şəhidlərin xatirəsinə sonsuz məhəbbət və ehtiramlarını bildirdilər.
Allah cəmi şəhidlərimizə rəhmət eləsin!