Azərbaycan Prezidenti İlham Əliyevin Balakən rayonuna səfərinin yekunlarına və kənd təsərrüfatı sahəsində qarşıda duran vəzifələrə dair müşavirə keçirilib
08 avqust 2017-ci il tarixdə rayon Mədəniyyət Mərkəzində Azərbaycan Prezidenti İlham Əliyevin Balakən rayonuna səfərinin yekunlarına və kənd təsərrüfatı sahəsində qarşıda duran vəzifələr barədə rayon ictimaiyyətinin müşavirəsi keçirilib. Müşavirədə rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ərazidəki icra nümayəndələri, bələdiyyələr, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak edib.
Müşavirəni Balakən rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev açaraq, Prezident İlham Əliyevin Balakəndə 5-ci dəfə, son beş ildə isə 2-ci dəfə olmasını tarixi hadisə adlandırıb. Bildirib ki, son beş ildə ölkə başçısının rayona ikinci dəfə gəlməsi onun balakənlilərə böyük inamı, rayona böyük diqqət və qayğısı, balakənlilərin Prezidentə böyük məhəbbəti hesab olunmalıdır. İslam Rzayev qeyd etdi ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin avqustun 3-də rayona növbəti səfəri əvvəlki gəlişlərində olduğu kimi uğurlu oldu. Səfər zamanı ölkə başçısı Balakən Su Elektrik Stansiyasının, Bayraq Muzeyinin , Balakən-Sarıbulaq-Qabaqçöl-Xalatala avtomobil yolunun və ABAD Mərkəzinin açılışında iştirak etmiş və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdür. Prezident görülmüş işləri yüksək qiymətləndirmişdir. Ölkə başçısının Balakən rayonuna növbəti səfəri uşaqdan böyüyə hər bir rayon sakininin ürəyində sabaha inamı, yaşamaq həvəsini, qurub-yaratmaq eşqini daha da alovlandırıb. Balakənlilər məhz bu amalla yaşayır, işləyir və öz sabahlarını qururlar.
Çıxış edənlər bildiriblər ki, ölkə başçısının uğurlu daxili siyasətinin bariz nümunəsi özünü respublikanın bütün regionlarının, o cümlədən, Balakən rayonunun da hərtərəfli inkişafında göstərməkdədir. Balakənlilər əmindirlər ki, ölkədə həyata keçirilən düzgün daxili və xarici siyasətin ali məqsədi - ana xətti Azərbaycanımızın, o cümlədən rayonumuzun daha gözəl, daha qüdrətli, insanlarımızın isə daha xoşbəxt və firavan yaşamasına xidmət edir.